Bakı. Trend:
Böyük Britaniyada deportasiya olunmaları barədə qərar çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayətkar ölkədə qalmaqda davam edir.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunub ki, Birləşmiş Krallıqdan deportasiyaların sayı 2020-ci ildəki 8 mindən 2025-ci ildə 36 minə yüksəlib. Lakin onların arasında əcnəbi hüquq pozucularının payı 30 faizdən azdır. Məhkum edilmiş Somali vətəndaşlarının ümumi sayının cəmi 1,9 faizi deportasiya edilib. Yamayka vətəndaşları üzrə bu göstərici 3,1 faiz, Nigeriya vətəndaşları üzrə isə 4,8 faiz təşkil edib. İraq, Zimbabve, Əlcəzair və Vyetnam kimi ölkələrin vətəndaşlarının deportasiya göstəriciləri də olduqca aşağı olaraq qalır. Konqo Demokratik Respublikasının 161 vətəndaşı məhkum edilsə də, onlardan yalnız biri vətəninə göndərilib.
Nəşrin məlumatına görə, Nigeriya vətəndaşlarından biri zorlamaya görə 17 il müddətinə azadlıqdan məhrum edilsə də, deportasiya olunmayıb. Üstəlik, ona hökm çıxarılan zaman həmin şəxs artıq başqa bir zorlama ittihamı üzrə girov müqabilində azadlığa buraxılmışdı.