Bakı. Trend:
Xaçmaz rayonunda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin altıncı ildönümü – 8 Noyabr – Zəfər Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri Xaçmaz şəhərinin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidə kompleksinin önünə gül dəstələri qoyub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla anıblar.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, onların göstərdikləri misilsiz şücaətin xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb.
