Bakı. Trend:
Yeni yaradılmış “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) adlı gənclər tələbə birliyi noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşulmaq və Almaniyanın ali təhsil müəssisələrində genişmiqyaslı tətillər təşkil etmək planlarını açıqlayıb.
Bu barədə DPA agentliyi təşəbbüs qrupunun nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, fəalların əsas məqsədi ali təhsil müəssisələrində “tədris prosesini mümkün qədər tamamilə dayandırmaqdır”. Təşkilatçıların bildirdiyinə görə, hərəkatın təsis yığıncağına artıq Almaniyanın 35 universitet və institutunda təhsil alan tələbələrin maraqlarını təmsil edən 90-dan çox nümayəndə qatılıb.
Etiraz aksiyalarının keçirilməsi ilə bağlı yekun qərar elan edilmiş tarix ərəfəsində bir sıra ali təhsil müəssisələrində çağırılacaq ümumtələbə yığıncaqlarında səsverməyə çıxarılacaq.
Təşkilat komitəsi vurğulayıb ki, məqsəd lokal xarakterli “kiçik aksiyalar” keçirmək deyil. Onlar “konkret universitetdə yüzlərlə tələbənin dərslərin dayandırılmasına həmrəylik əsasında səs verəcəyi” kütləvi dəstəyə ümid edirlər.