Zəfərimiz Azərbaycan xalqının milli iradəsinin və birliyinin təntənəsidir - RƏY

Siyasət Rəy 8 Noyabr 2026 15:57 (UTC +04:00)
Zəfərimiz Azərbaycan xalqının milli iradəsinin və birliyinin təntənəsidir - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi qələbənin deyil, həm də milli birliyin, qətiyyətin və dövlətçilik iradəsinin təcəssümüdür. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik bu tarixi Qələbənin hansı çətinliklər və fədakarlıqlar hesabına əldə olunduğunu, eyni zamanda, onun ölkəmizin gələcəyi üçün daşıdığı əhəmiyyəti bir daha diqqət mərkəzinə gətirir.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin məhz Xankəndidə, Zəfər abidəsinin önündə xalqımıza müraciət etməsi dərin tarixi və mənəvi məna daşıyır: "Bir vaxtlar erməni işğalı səbəbindən Azərbaycanın suveren hüquqlarının həyata keçirilməsi mümkün olmayan bu şəhər bu gün dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının rəmzlərindən birinə çevrilib. Xankəndidə Azərbaycan Bayrağının dalğalanması, şəhərdə həyatın yenidən canlanması və geniş quruculuq işlərinin aparılması Zəfərimizin real nəticələridir.

Prezident İlham Əliyevin təbrikində xüsusi vurğulanan məsələlərdən biri Qələbənin qazanılmasında milli ruhun və xalq birliyinin həlledici rolu oldu. Azərbaycan uzun illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirdi, iqtisadi və hərbi potensialını gücləndirdi. Lakin 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir silah və hərbi hazırlıqla yanaşı, xalqın öz torpağına bağlılığı, əsgər və zabitlərimizin vətənpərvərliyi də Qələbənin mühüm dayaqlarıdır.

Bu tarixi nailiyyətin təməlində şəhidlərimizin misilsiz fədakarlığı dayanır. Onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi Zəfər irsinin yaşadılmasının mühüm istiqamətləridir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlıdır: "Prezident İlham Əliyevin açıqladığı məlumata əsasən, artıq 97 min insan həmin ərazilərdə yaşayır, təhsil alır və çalışır. Bu göstərici Böyük Qayıdış Proqramının miqyasını və Qarabağla Şərqi Zəngəzurun yenidən ölkənin sosial-iqtisadi həyatına inteqrasiyasını əks etdirir.

Doğma torpaqlarına qayıdan ailələrin yeni yaşayış məntəqələrində məskunlaşması, məktəblərin, səhiyyə və sosial xidmət obyektlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki Qarabağın dirçəlişi yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada insanların təhlükəsiz yaşaması, uşaqların keyfiyyətli təhsil alması, qadınların və gənclərin məşğulluq imkanlarının genişlənməsi, ailələrin dayanıqlı gəlir mənbələrinə çıxışının təmin edilməsi də mühüm vəzifələrdəndir.

Xankəndidə Zəfər Muzeyinin yaradılması ilə bağlı görülən işlər də tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir. Bu cür məkanlar gələcək nəsillərə Vətən müharibəsinin tarixini, xalqımızın üzləşdiyi çətinlikləri və Qələbənin hansı fədakarlıqlar hesabına əldə edildiyini çatdırmağa xidmət edəcək.

Zəfərdən sonrakı dövr Azərbaycan üçün yeni məsuliyyətlər də müəyyənləşdirir. Ərazi bütövlüyünün və suverenliyin qorunması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və regionda dayanıqlı sülhün təmin olunması qarşıdakı illərin mühüm prioritetləri olaraq qalır. Prezident İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan güclü, müstəqil siyasət yürüdən dövlət olması barədə fikirləri də məhz bu strateji vəzifələrlə bağlıdır.

8 Noyabr Zəfəri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarixi nailiyyətin gələcək nəsillərə ötürülməsi, azad edilmiş torpaqlarda həyatın tam bərpası və ölkəmizin inkişafının davam etdirilməsi isə hər birimizin üzərinə məsuliyyət qoyur".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti