Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətinin baş icraçı direktoru Censen Huangın Pekinə məlumat ötürən çinli işgüzar qadınla yaxın münasibətlərinin olması barədə iddiaları onunla müzakirə etmədiyini bildirib.
"Reuters"in məlumatına görə, Tramp noyabrın 8-də jurnalistlərə açıqlamasında Huangu ləyaqətli insan adlandırıb və onun ABŞ üçün gördüyü işləri yüksək qiymətləndirib.
“Mən bu barədə onunla danışmamışam. Sadəcə onun yaxşı insan olduğunu bilirəm, amma nələrin baş verdiyini heç vaxt bilmirsən. Ümid edirəm ki, hər şey qaydasındadır. Düşünürəm ki, o, ləyaqətli insandır”, – deyə Tramp bildirib.
O, Huangın ABŞ üçün “möhtəşəm işlər gördüyünü” də vurğulayıb.
Qeyd edək ki, “Nvidia” şirkəti noyabrın 8-də Censen Huangın xarici kəşfiyyat əməliyyatının hədəfi olub-olmadığını araşdırdığını açıqlayıb. Bu addım Huangın Pekinə məlumat ötürən çinli işgüzar qadınla yaxın münasibətlərinin olması barədə mediada yayılan məlumatdan sonra atılıb.
Tramp Huangu gələn həftə Asiyaya səfəri zamanı özü ilə aparıb-aparmayacağı ilə bağlı suala isə “bilmirəm, amma onu mütləq özümlə aparardım” cavabını verib.
