“KazTransOil” və “Chevron” BTC ilə neft nəqlinin genişləndirilməsini müzakirə edib

İqtisadiyyat Xəbər 9 Noyabr 2026 16:06 (UTC +04:00)
“KazTransOil” və “Chevron” BTC ilə neft nəqlinin genişləndirilməsini müzakirə edib
Alyona Pavlenko
Alyona Pavlenko
Beynəlxalq redaksiyanın jurnalisti Bütün xəbərlər

Bakı. Trend:

“KazTransOil” SC-nin baş direktoru (İdarə Heyətinin sədri) Arman Kasenov və “Chevron Eurasia” şirkətinin kommersiya üzrə baş meneceri Hafiz Nasar Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) marşrutu ilə nəqlinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

“KazTransOil” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, işgüzar görüş Astanada keçirilib.

Danışıqların əsas mövzularından biri “Tengizşevroyl” MMC-nin neftinin “KazTransOil”un magistral neft kəmərləri sistemi, eləcə də Batumi neft terminalının infrastrukturu vasitəsilə nəqli olub.

Görüş zamanı ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və onun gələcək inkişaf perspektivləri də müzakirə edilib.

Danışıqların yekununda tərəflər tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində və perspektivli əməkdaşlıq istiqamətlərinin işlənib hazırlanmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında BTC boru kəməri ilə 18 milyon 857 min ton neft nəql edilib.

Qeyd edək ki, “KazTransOil” 2026-cı ilin yanvar-sentyabr aylarında BTC boru kəməri istiqamətində neftin aşırılmasını ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıraraq 1 milyon 164 min tona çatdırıb.

“KazTransOil” şirkətinin 2026-cı ilin doqquz ayı ərzində neft nəqlinin və neft məhsullarının aşırılmasının konsolidə edilmiş həcmi 35 milyon 809 min ton təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 faiz çoxdur.

Bundan əvvəl Qazaxıstanın 2027-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını 1,7 milyon tona çatdırmağı planlaşdırdığı bildirilib.

Hazırda boru kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur. Bundan əlavə, BTC ilə Xəzər neftinin və kondensatının əlavə həcmlərinin, o cümlədən Qazaxıstan və Türkmənistandan tədarük edilən xammalın, eləcə də SOCAR-ın Azərbaycanda hasil etdiyi digər neft həcmlərinin nəqli davam etdirilir.

BTC Co. şirkətində iştirak payları aşağıdakı kimi bölüşdürülüb: SOCAR – 32,97 faiz, bp – 30,10 faiz, MOL – 8,90 faiz, TPAO – 6,53 faiz, Eni – 5 faiz, TotalEnergies – 5 faiz, ITOCHU – 3,40 faiz, ONGC Videsh – 3,10 faiz, ExxonMobil – 2,50 faiz və INPEX – 2,50 faiz.

Xəbər lenti

Xəbər lenti