Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbi pilotların ona F-22 qırıcı təyyarələrinin yanından uçan və təyyarələrdən üç dəfə yüksək sürətlə hərəkət edən naməlum dairəvi obyektlər barədə məlumat verdiklərini bildirib.
"CBS News"un məlumatına görə, bu barədə Tramp Ros Doutetə (Ross Douthat) müsahibəsində bildirib.
Trampın sözlərinə görə, pilotlar bu müşahidələr barədə onun ilk prezidentlik dövründə və ikinci müddətində Ağ Evdə keçirilən görüşlər zamanı danışıb. O, həmin pilotları ciddi və etibarlı insanlar kimi xarakterizə edib, onların sui-qəsd nəzəriyyələrinə meyilli olmadıqlarını vurğulayıb.
ABŞ Prezidenti özü isə UNO ( uçan naməlum obyektlər) mövzusuna skeptik yanaşdığını bildirib. O, pilotlardan birinin danışdığı hadisəyə cavab olaraq bunun kometa ola biləcəyini ehtimal etdiyini söyləyib.
