Bakı. Trend:
Almaniyanın Dortmund şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) yeni dönərxananın açılışı münasibətilə keçirilən promo-aksiya iğtişaşlar və polislə toqquşmalarla nəticələnib.
TASS-ın məlumatına görə, dönərxananın sahibi açılış günü dönərin cəmi 1 avroya satılacağını elan edib. Bu təklif böyük marağa səbəb olub və obyektin qarşısına təxminən 300 nəfər, əsasən yeniyetmələr toplaşıb.
Dönərxananın açılmasından sonra izdiham içəri daxil olmağa çalışıb. Özəl mühafizə şirkəti vəziyyətə nəzarət edə bilmədiyindən polis çağırılıb. Polis əməkdaşlarına daşlar, stullar, pirotexniki vasitələr və elektrik skuteri atılıb. Nəticədə polis avtomobilinə ziyan dəyib, xəsarət alan olmayıb.
Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra vəziyyət nəzarətə götürülüb. Hadisə zamanı bir nəfər saxlanılıb.
Polis əməkdaşlarına müqavimət, xüsusi mülkiyyətə qanunsuz daxilolma, əmlaka ziyan vurma və təhqir faktları ilə bağlı bir neçə cinayət işi açılıb. İğtişaşlar səbəbindən dönərxana fəaliyyətini vaxtından əvvəl dayandırıb. Obyektin sahibi satılmamış məhsulları evsiz insanlara paylayacağını bildirib.
