Bakı.Trend:
2027-ci ildə Rusiyanın səkkiz regionunda əcnəbilərin taksi sahəsində işləməsinə məhdudiyyətlər tətbiq oluna bilər. Kaluqa vilayətində isə onların kuryer fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulması nəzərdə tutulur.
Bu barədə Rusiyanın Əmək Nazirliyi tərəfindən xarici işçilərin əmək bazarında yol verilən payına dair hazırlanmış hökumət qərarı layihəsində bildirilib.
Məhdudiyyətlərin Mordoviya, Çuvaşiya, Tatarıstan, Udmurtiya respublikalarında, Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərində, eləcə də Yəhudi Muxtar Vilayətində tətbiqi təklif olunur.
“Vedomosti” qəzetinin məlumatına görə, layihə oktyabrın sonunda Rusiya Üçtərəfli Komissiyası tərəfindən təsdiqlənib. Növbəti mərhələdə sənədi Baş nazir Mixail Mişustin imzalamalıdır.
Məhdudiyyətlərin tətbiqi ayrı-ayrı regionlarda konkret göstəricilərlə əsaslandırılır. Məsələn, Mordoviyada bu addım yüksək yol-nəqliyyat hadisələri səviyyəsi ilə əlaqələndirilir.
Bundan əlavə, qərar layihəsinə əlavə olunan materiallarda taksi sektorunda qanunsuz sahibkarlıq fəaliyyəti problemi də qeyd olunur. Bildirilir ki, qayda pozanlar çox vaxt barələrində tətbiq edilən inzibati cəzalardan yayınırlar.
Xatırladaq ki, Rusiyanın 8 regionunda tətbiq olunacaq qadağalar Azərbaycan vətəndaşlarına da şamil ediləcək.
