Bakı, Trend:
Azərbaycan və Türkiyə münasibətləri tarix boyu müxtəlif sınaqlardan keçərək bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkəni birləşdirən ortaq tarix, dil, etnik köklər, mədəniyyət və mənəvi dəyərlər siyasi münasibətlərin də möhkəm təməlini formalaşdırıb. Lakin son dövrlərdə ayrı-ayrı dairələrin bu münasibətlərə kölgə salmaq, Bakı ilə Ankara arasında fikir ayrılığı görüntüsü yaratmaq cəhdləri müşahidə olunurdu.
Noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Gününün altıncı ildönümü münasibətilə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə Şuşada keçirdiyi görüş və hər iki dövlət başçısının mətbuata bəyanatları bu müzakirələrə aydın cavab oldu. Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərinin təməlində dayanan qardaşlıq və strateji müttəfiqlik ayrı-ayrı mübahisələrdən, süni gərginlik yaratmaq cəhdlərindən daha güclüdür.
Əslində, Şuşada səsləndirilən fikirlər təkcə iki ölkənin münasibətlərinin hazırkı vəziyyətini ifadə etmirdi. Bu bəyanatlar həm də Azərbaycan-Türkiyə birliyinin gələcək istiqamətlərini, regional proseslərdə ortaq mövqeyini və iki dövlətin qarşılıqlı dəstək prinsipinə sadiqliyini nümayiş etdirirdi.
Şuşadan verilən açıq mesaj: Qardaşlığımıza heç kim kölgə sala bilməz
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə birgə mətbuata bəyanatında Azərbaycan və Türkiyənin qardaş xalqlar olduğunu, ortaq etnik köklərin və tarixin iki ölkəni birləşdirdiyini vurğuladı.
Dövlət başçısı xüsusilə son dövrlərdə iki ölkə arasındakı münasibətlərə kölgə salmaq istəyən dairələrə ünvanlanan prinsipial mövqe ortaya qoydu.
“Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Onu pozmaq istəyənlər heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər. Biz heç kimə imkan verməyəcəyik ki, şəxsi maraqları naminə bizim aramıza girsin, birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”, – deyə Prezident İlham Əliyev bildirdi.
Bu bəyanatın məhz Şuşada, Türkiyə Prezidentinin Azərbaycana Zəfər Günü münasibətilə səfəri zamanı səsləndirilməsi xüsusi siyasi və mənəvi məna daşıyırdı. Çünki Şuşa Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu, iki ölkənin müttəfiqlik münasibətlərini rəsmiləşdirdiyi tarixi məkandır. Prezident İlham Əliyevin bu fikirləri göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı sosial şəbəkə müzakirələrinin, emosional açıqlamaların və müxtəlif dairələrin yaratmağa çalışdığı süni gündəmin təsiri ilə müəyyən edilmir. Bu münasibətlərin əsasını iki dövlətin strateji maraqları, xalqların tarixi bağlılığı və qarşılıqlı etimadı təşkil edir.
Ərdoğandan eyni məzmunlu cavab: Birliyimizi zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Şuşada çıxışı zamanı Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini ifadə edən mühüm mesajlar verdi.
Ərdoğan bildirdi ki, Türkiyə və Azərbaycan arasında “Bir millət, iki dövlət” şüarı ilə ifadə olunan qəlb birliyi ortaq keçmişdən güc alır və gələcəyə istiqamətlənir.
Türkiyə Prezidenti xüsusi olaraq vurğuladı ki, iki ölkənin qardaşlığı ortaq dil, tarix və mədəniyyətlə məhdudlaşmır. O, Bakı və Şuşa ilə bağlı fikirlərini ifadə edərkən “Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru olaraq görürük”, - dedi.
Ərdoğanın çıxışında Azərbaycan-Türkiyə münasibətlərini zəiflətmək istəyənlərə ünvanlanan fikirlər də xüsusi diqqət çəkdi.
Türkiyə lideri qeyd etdi ki, 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə ilə müttəfiqlik səviyyəsinə yüksəldilən qardaşlığı zəiflətmək istəyənlər nə bu gün, nə də sabah öz məqsədlərinə çata biləcəklər.
Beləliklə, hər iki dövlət başçısının bəyanatlarında eyni məzmunlu mövqenin ifadə olunması diqqət çəkdi. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birliyinin sarsılmaz olduğunu, bu münasibətlərin şəxsi və ya kənar maraqlar naminə zədələnməsinə imkan verilməyəcəyini açıq şəkildə bəyan etdilər.
Bu, son dövrlərdə iki ölkə arasında guya münasibətlərin soyuması barədə yayılan müzakirələrə də siyasi səviyyədə verilmiş aydın cavab idi.
Şuşa Bəyannaməsi – qardaşlığın siyasi və hüquqi təminatı
Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi xüsusi əhəmiyyət daşıyır.
44 günlük Vətən müharibəsindən cəmi yeddi ay sonra imzalanan bu sənəd iki ölkə arasında mövcud olan tarixi, mədəni və mənəvi bağlılığı rəsmi müttəfiqlik çərçivəsinə saldı.
Prezident İlham Əliyev Şuşadakı bəyanatında bu məqama toxunaraq bildirdi ki, Azərbaycan və Türkiyə onsuz da hər zaman müttəfiq olublar. Şuşa Bəyannaməsi isə bu tarixi və mədəni münasibətləri rəsmiləşdirib.
Dövlət başçısının sözlərinə görə, iki ölkəni ortaq tarix, etnik köklər, dil, ədəbiyyat və mənəvi dəyərlər birləşdirir. Məhz bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlər inkişaf edir.
Şuşa Bəyannaməsi təhlükəsizlik, müdafiə, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutmaqla Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterini təsdiqləyir.
Bu sənədin imzalanması həm də regionda yeni reallıqların formalaşdığı bir dövrə təsadüf edirdi. Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etmiş, Türkiyə ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmışdı.
Bu gün Şuşa Bəyannaməsi iki ölkənin müttəfiqliyinin əsas siyasi-hüquqi dayaqlarından biridir. Ona görə də bu münasibətlərə zərər vurmaq istəyən cəhdlər yalnız diplomatik əlaqələrə deyil, həm də iki xalqın ortaq tarixinə və strateji maraqlarına yönəlmiş olur.
44 günlük müharibədə nümayiş etdirilən birlik bu gün də davam edir
Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmliyini göstərən ən mühüm tarixi sınaqlardan biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi oldu.
Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında olduğunu bəyan etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsində, xalqın və ordunun ruh yüksəkliyində mühüm rol oynadı.
Prezident İlham Əliyev Şuşadakı bəyanatında bu dəstəyi xüsusi minnətdarlıqla xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və telefon danışığı bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.
Prezident İlham Əliyev Türkiyə Prezidentinin “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” fikrinin heç vaxt unudulmayacağını vurğuladı.
Bu baxımdan 44 günlük müharibə Azərbaycan-Türkiyə qardaşlığının yalnız tarixi və mədəni bağlılıqdan ibarət olmadığını, çətin anlarda real siyasi həmrəylik və qarşılıqlı dəstəklə müşayiət olunduğunu nümayiş etdirdi.
Ərdoğan da Şuşadakı çıxışında Qarabağın azad edilməsini bütün türk dünyası üçün qürur mənbəyi kimi qiymətləndirdi. O, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgədə yeni dövrün başladığını və indi əsas vəzifənin hərbi meydanda əldə edilmiş Zəfərin davamlı sülh və sabitliklə möhkəmləndirilməsi olduğunu bildirdi.
Türkiyə lideri Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini dəstəklədiklərini bəyan etdi.
Münasibətlər yalnız siyasi bəyanatlardan ibarət deyil: İqtisadiyyat, enerji və nəqliyyat gündəmi
Şuşada keçirilən görüş və bəyanatların mühüm istiqamətlərindən biri də Azərbaycan-Türkiyə əməkdaşlığının praktiki sahələri oldu.
Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli münasibətlər çərçivəsində siyasi və iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat dəhlizləri və Zəngəzur dəhlizi kimi məsələlər geniş müzakirə edilib.
Bu məsələlər iki ölkənin strateji tərəfdaşlığının yalnız siyasi və mənəvi müstəvidə deyil, həm də konkret iqtisadi layihələr və regional bağlantılar üzərində inkişaf etdiyini göstərir.
Azərbaycanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılması, Türkiyənin tranzit və logistika imkanları, Orta Dəhlizin inkişafı, regional nəqliyyat əlaqələrinin genişləndirilməsi iki ölkənin ortaq maraqlarına xidmət edir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycan-Türkiyə əməkdaşlığının yeni istiqamətlərini formalaşdırır.
Ərdoğan səfər çərçivəsində Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və Ağıllı Tingçilik Müəssisəsinin açılışında iştirak etdiklərini, Ağdamda isə 40 sinif otağından ibarət məktəbin tikintisinə başlanıldığını xatırlatdı.
Türkiyə Prezidentinin sözlərinə görə, Ankara Qarabağın bərpası və inkişafı prosesində öz təcrübəsini Azərbaycanla bölüşməyə, bu istiqamətdə dəstəyini davam etdirməyə hazırdır.
Bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də iqtisadiyyat, investisiya, enerji, nəqliyyat, müdafiə və humanitar sahələrdə daha da dərinləşəcəyini göstərir.
Türk dünyasında birlik və regional təhlükəsizlik
Şuşada verilən mesajların digər mühüm istiqaməti türk dünyasının birliyi ilə bağlı idi.
Ərdoğan Türk Dövlətləri Təşkilatının inkişafına toxunaraq Azərbaycanın təşkilatın sədrliyi dövründə türk dünyasının həmrəyliyinin gücləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirdi. Türkiyə Prezidenti öz ölkəsinin sədrliyi dövründə təşkilatın daha güclü və institusional quruma çevrilməsi üçün çalışacaqlarını bildirdi.
Bu, Azərbaycan-Türkiyə münasibətlərinin daha geniş geosiyasi çərçivədə əhəmiyyətini göstərir. İki ölkə yalnız ikitərəfli əməkdaşlığı inkişaf etdirmir, eyni zamanda türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin güclənməsinə də töhfə verir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türkiyə-Azərbaycan birliyi geniş coğrafiyada sabitlik, əməkdaşlıq və təhlükəsizlik amilidir.
Bu baxımdan Şuşadan verilən mesajlar yalnız Bakı və Ankara arasındakı münasibətlərə deyil, bütövlükdə regionda əməkdaşlıq və təhlükəsizlik mühitinə ünvanlanmışdı.
Nəticə: Süni gərginlik yaratmaq cəhdləri qardaşlığın qarşısında acizdir
Son dövrlərdə Azərbaycan və Türkiyə münasibətləri ətrafında yaranan müzakirələr, ayrı-ayrı açıqlamalar və sosial şəbəkələrdəki mübahisələr iki ölkə arasında fikir ayrılığı olduğu barədə müəyyən təsəvvür formalaşdırmağa çalışırdı. Lakin Şuşada keçirilən görüş və dövlət başçılarının bəyanatları göstərdi ki, bu cür yanaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini dəyişmək gücündə deyil.
Əlbəttə, iki müstəqil dövlətin ayrı-ayrı məsələlərə münasibətində fərqli yanaşmaların olması mümkündür. Lakin bu, tarixi qardaşlıq və strateji müttəfiqliyin zəifləməsi kimi təqdim edilə bilməz. Əsas məsələ iki ölkənin qarşılıqlı hörmət, suverenliyə ehtiram və ortaq maraqlar əsasında münasibətlərini davam etdirməsidir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşada eyni məzmunlu mesajlar verməsi də məhz bu reallığı nümayiş etdirdi. Hər iki lider açıq şəkildə bildirdi ki, Azərbaycan-Türkiyə birliyini zəiflətmək və xalqların qardaşlığına kölgə salmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər.
Zəfər Günündə Türkiyə Prezidentinin Qarabağda Azərbaycan xalqı ilə bir arada olması, Şuşada səsləndirilən bəyanatlar və iki ölkənin gələcək əməkdaşlıq gündəliyi münasibətlərin hansı istiqamətdə inkişaf etdiyini aydın göstərdi.
Beləliklə, Şuşadan dünyaya verilən əsas mesaj bir daha təsdiqləndi: Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi bu gün də bir yerdədir, gələcəkdə də ortaq maraqlarını və strateji müttəfiqliyini qoruyacaq. İki ölkənin qardaşlığına zərər vurmaq, aralarına nifaq salmaq istəyənlərin cəhdi isə nəticəsiz qaldı.
