Bakı. Trend:
ABŞ kosmosu hərbi əməliyyatların aparıldığı istiqamətlərdən biri hesab edir və bu sahədə öz silahlı qüvvələrinin üstünlüyünün qorunmasını vacib sayır.
Bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Rod-Aylend ştatının Nyuport şəhərində yerləşən Hərbi Dənizçilik Kollecində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir dövrdə döyüş əməliyyatlarının əhatə dairəsi sürətlə genişlənir və quru, sualtı məkan, kosmos, kiberməkan, eləcə də koqnitiv sahədə əlaqələndirilmiş əməliyyatları əhatə edir.
Heqset vurğulayıb ki, bütün bu istiqamətlərdə mübahisəsiz üstünlüyə nail olmaq zəruridir. O, dünyanın hazırda misli görünməmiş tərəqqi və dəyişikliklər mərhələsindən keçdiyini qeyd edib.
Qeyd edək ki, BMT Baş Assambleyası 2025-ci ilin dekabrında kosmik məkanda silahlanma yarışının qarşısının alınmasına dair qətnamə qəbul edib. Sənəddə dövlətlər kosmosda silahların yerləşdirilməsinin və güc tətbiqinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırılıb.