Bakı. Trend:
Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, noyabrın 10-da xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçi qəbul edib.
Görüşün əvvəlində Azərbaycan Prezidenti tərəfindən iki ölkə arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunmuş səfirə mükafat təqdim edilib və təbrik mesajı çatdırılıb.
Draqan Vladisavlyeviç ali mükafata görə dərin minnətdarlığını bildirərək bunu Azərbaycan-Serbiya münasibətlərinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirib.
Görüşdə iki ölkə arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Ceyhun Bayramov siyasi dialoqun, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin inkişafındakı rolunu vurğulayıb.
Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər.
Son illərdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat və logistika, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı da müzakirə olunub.
Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərin uzlaşdırılması və qarşılıqlı dəstəyin davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə diplomatik fəaliyyətini başa vuran səfirə gələcək işlərində uğurlar arzulanıb. Draqan Vladisavlyeviç Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə və əməkdaşlığa görə təşəkkür edib, Azərbaycan-Serbiya dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
