Bakı. Trend:
Azərbaycan və Danimarkanın külək turbinləri istehsalçısı "Vestas" şirkəti arasında ölkədə külək enerjisi layihələrinin həyata keçirilməsi və "yaşıl enerji dəhlizləri"nin inkişafı istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"COP31 çərçivəsində "Vestas" şirkətinin baş vitse-prezidenti Morten Dyrholm ilə Azərbaycanda külək enerjisi layihələri və "yaşıl enerji dəhlizləri" üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik. Şirkətin layihələrdə iştirakı və müasir külək enerjisi texnologiyalarının tətbiqi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Azərbaycanda bərpa olunan enerji istehsalının genişləndirilməsi ilə bağlı ortamüddətli hədəflər də bu əməkdaşlığın əhəmiyyətini artırır. Belə ki, 2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapan makroiqtisadi proqnozlara əsasən, ölkədə külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 4 milyard 408,6 milyon kilovat-saata çatacağı gözlənilir. Bu, 2027-ci il üçün proqnozlaşdırılan 3 milyard 9,3 milyon kilovat-saatla müqayisədə 46,5% çoxdur.
Proqnozlara görə, külək və günəş elektrik stansiyalarında istehsalın 2028-ci ildə 4 milyard 384,6 milyon kilovat-saat, 2029-cu ildə 4 milyard 414,3 milyon kilovat-saat olacağı gözlənilir. Beləliklə, əsas artımın 2028-ci ildə baş verəcəyi, sonrakı dövrdə isə istehsalın 4,4 milyard kilovat-saat ətrafında sabitləşəcəyi nəzərdə tutulur.
Eyni zamanda, ənənəvi generasiya mənbələri üzrə də dəyişikliklər proqnozlaşdırılır. Belə ki, istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2027-ci ildəki 21 milyard 957,6 milyon kilovat-saatdan 2030-cu ildə 24 milyard 283,5 milyon kilovat-saata yüksələcəyi gözlənilir. Bununla yanaşı, istilik elektrik stansiyalarında istifadə edilən təbii qazın həcminin 2027-ci ildəki 2 milyard 411,6 milyon kubmetrdən 2030-cu ildə 1 milyard 572,8 milyon kubmetrə qədər azalacağı proqnozlaşdırılır.
Büdcə zərfinin layihəsində energetika sektorunda yaşıl keçidin sürətləndirilməsi, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması, yeni generasiya güclərinin yaradılması və elektrik şəbəkəsi infrastrukturunun müasirləşdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib. Həmçinin yaşıl enerji zonaları və dəhlizlərinin yaradılması, Azərbaycanın bərpa olunan enerji potensialının beynəlxalq bazarlara ixracının genişləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Danimarkanın "Vestas" şirkəti 1898-ci ildə yaradılıb. Şirkət külək turbinlərinin layihələndirilməsi, istehsalı, quraşdırılması və texniki xidmətinin göstərilməsi ilə məşğuldur. Onun fəaliyyəti dünyanın müxtəlif ölkələrində külək enerjisi və hibrid enerji layihələrini əhatə edir.
