Bakı. Trend:
Böyük Britaniya və doqquz Şimali Avropa ölkəsi dəniz təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni tərəfdaşlığın yaradılması haqqında müqavilə imzalayıb.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.
Yeni tərəfdaşlıq Şimali Avropada, Şimali Atlantikada və Baltik dənizində təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur. Təşəbbüs 2014-cü ildən Böyük Britaniyanın rəhbərliyi altında fəaliyyət göstərən Birgə Ekspedisiya Qüvvələrinin (JEF) modelinə əsaslanacaq.
Tərəfdaşlığa Böyük Britaniya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniya daxildir.
Böyük Britaniyanın Birinci Dəniz Lordu Qvin Cenkins bildirib ki, yeni razılaşma artan təhlükəsizlik təhdidlərinə qarşı birgə fəaliyyət imkanlarını genişləndirəcək.
Qeyd olunub ki, təşəbbüs NATO-ya alternativ yaratmaq məqsədi daşımır. Əksinə, tərəfdaş ölkələrin hərbi dəniz qüvvələrinin vahid struktur kimi fəaliyyət göstərməsi və zərurət yarandıqda NATO komandanlığına tabe olması nəzərdə tutulur.
