Bakı. Trend:
İspaniyada mənzilə əlçatanlığın artırılması və əməkhaqlarının yüksəldilməsi tələbi ilə 24 saatlıq ümumi tətil planlaşdırılır.
Ölkənin müxtəlif şəhərlərində tətil günü ərzində nümayişlər keçiriləcək.
Tətilə iki böyük həmkarlar ittifaqı – İşçi Komissiyalarının Həmkarlar İttifaqları Konfederasiyası (CC OO) və İşçilərin Ümumi Həmkarlar İttifaqı (UGT) dəstək verib.
Ümumi tətil keçirmək niyyəti oktyabr ayında İspaniyada mənzil böhranına qarşı keçirilən etirazlar fonunda elan olunub. Tətilin noyabrın 29-na təyin edilmiş növbədənkənar ümumi seçkilərdən cəmi iki həftə yarım əvvəl keçirilməsi planlaşdırılır.
Həmkarlar ittifaqlarının məlumatına görə, mənzil problemi ölkədə bərabərsizliyin əsas səbəblərindən birinə çevrilib.
Təşkilatlar daha yüksək əməkhaqqı, hər kəsin mənzil hüququnu təmin edən siyasət, güclü dövlət xidmətləri sistemi, layiqli pensiyalar və işçilərin xəstə halda işləməyə məcbur edilmədiyi əmək şəraiti tələb edirlər.
İspaniya hakimiyyəti tətil zamanı mühüm sektor və xidmətlərin fəaliyyəti üçün minimum işçi sayına dair tələblər müəyyənləşdirib. Bu çərçivədə bəzi işçilər tətilə baxmayaraq öz vəzifələrini yerinə yetirməli olacaqlar.
