Qazaxıstan COP31 çərçivəsində Azərbaycanla iqlim əməkdaşlığının yeni imkanlarına ümid edir (Eksklüziv)

Siyasət Xəbər 10 Noyabr 2026 19:33 (UTC +04:00)
Qazaxıstan COP31 çərçivəsində Azərbaycanla iqlim əməkdaşlığının yeni imkanlarına ümid edir (Eksklüziv)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

ANTALYA/ Trend/ - Qazaxıstan iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığın, o cümlədən Azərbaycanla tərəfdaşlığın daha da inkişaf etdirilməsinə, COP29 çərçivəsində Bakıda əldə olunmuş mexanizm və razılaşmalara əsaslanaraq, ümid edir.

Bu barədə Trend-ə Qazaxıstanın "Jasyl Damu" səhmdar cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Nurjan Kabdoldanov COP31 çərçivəsində Antalyada bildirib.

Onun sözlərinə görə, hər bir COP iqlim konfransı qlobal iqlim gündəliyinin irəli aparılması, rəqəmsal həllərin inkişafı və ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün əlavə imkanlar yaradır.

"Şübhəsiz ki, keçirilən hər bir COP konfransı gələcək işlərə müəyyən təkan verir. Təbii ki, qlobal istiləşməni bir anda dayandırmaq və onun 1,5-2 dərəcə həddində saxlanılmasına nail olmaq mümkün deyil. Bununla belə, hesab edirəm ki, hər bir COP yeni imkanlar, o cümlədən rəqəmsal həllərin inkişafı və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün şərait yaradır. Vacibdir ki, biz Azərbaycan və digər dövlətlərlə birlikdə qarşıya qoyulmuş iqlim məqsədlərinə nail olmaq istiqamətində irəliləyək", - deyə o, COP29 və COP31 arasındakı ardıcıllığı şərh edərkən bildirib.

Kabdoldanov, həmçinin Qazaxıstanın COP31 çərçivəsində Antalyada təqdim olunan iqlim təşəbbüsləri barədə danışıb. Xüsusilə, ölkənin milli pavilyonunda tullantıların idarə olunması sahəsində rəqəmsal həllər, karbon qazı və metan emissiyalarının azaldılması layihələri, eləcə də tullantıların emalı texnologiyaları nümayiş etdirilir.

Onun sözlərinə görə, Paris Sazişinin iştirakçısı olan Qazaxıstan istixana qazı emissiyalarının tənzimlənməsi üzrə milli mexanizmləri ardıcıl şəkildə inkişaf etdirir.

"Hələ 2003-cü ildə Qazaxıstan Mərkəzi Asiyada ilk ölkə olaraq emissiya kvotaları üzrə ticarət sistemini tətbiq edib. Bu gün həmin sistem fəal şəkildə fəaliyyət göstərir: CO2 emissiyaları 20 min tonu keçən bütün şirkətlər kvotalaşdırma sisteminin əhatə dairəsinə düşür", - deyə şirkət nümayəndəsi izah edib.

O əlavə edib ki, ölkədə bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər, günəş elektrik stansiyalarının tikintisi və meşələrin bərpası da daxil olmaqla, kompensasiya layihələri inkişaf etdirilir. Bundan əlavə, Qazaxıstan emissiya ticarəti üzrə beynəlxalq bazara çıxmağa çalışır.

Pavilyonda COP31-in tematik proqramına da xüsusi diqqət ayrılıb. Kabdoldanovun bildirdiyinə görə, noyabrın 9-dan 20-dək iqlim gündəliyinin müxtəlif istiqamətlərini əhatə edən 38 tematik sessiyanın keçirilməsi planlaşdırılır. Hər gün dörd sessiya təşkil olunacaq.

Onun sözlərinə görə, ziyarətçilər proqramla həm COP31-in rəsmi saytında, həm də birbaşa Qazaxıstan pavilyonunda tanış ola bilərlər.

Kabdoldanov vurğulayıb ki, iqlim dəyişikliyi ilə effektiv mübarizənin əsas şərtlərindən biri maliyyələşdirmə olaraq qalır. Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş beynəlxalq razılaşmalar isə iqlim gündəliyinin bundan sonra da irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti