Bakı. Trend:
Yunanıstanın elektrik şəbəkəsi operatoru ADMIE Kos adası ilə ölkənin materik hissəsində yerləşən Korinf şəhəri arasında kabel vasitəsilə elektrik bağlantısının yaradılması layihəsinə start verib. Layihənin dəyəri 1,48 milyard avro qiymətləndirilir.
ADMIE şirkəti bu məqsədlə Hellenic Cables şirkəti ilə müqavilə imzalayıb. Dəniz dibinin tədqiqatlarına yaxın vaxtlarda başlanılması nəzərdə tutulur.
Layihə Avropa İnvestisiya Bankından (EIB) alınan kredit və Yunanıstanın Adaların Dekarbonizasiya Fondundan ayrılan qrant hesabına maliyyələşdirilir. Fond Avropa Komissiyası və EIB-in dəstəyi ilə yaradılıb.
Layihə çərçivəsində ötürmə gücü 1000 MVt olan 320 kV-luq yüksək gərginlikli sabit cərəyan (HVDC) xəttinin layihələndirilməsi, avadanlıqların satın alınması, tikintisi və quraşdırılması nəzərdə tutulur. Kabel sisteminin ümumi uzunluğu təxminən 1290 kilometr təşkil edəcək.
ADMIE-nin məlumatına görə, layihə Dodekanes adalar qrupunun Yunanıstanın əsas elektrik şəbəkəsinə qoşulması istiqamətində ilk addım olacaq.
