Bakı. Trend:
Beynəlxalq maliyyə qrupu "ING Group" Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımının 2027-ci ildə 3%, 2028-ci ildə isə 2,5% təşkil edəcəyini proqnozlaşdırır.
"ING Group"un noyabrın 10-da yenilənmiş iqtisadi proqnozlarına əsasən, Azərbaycanın ÜDM artımının 2026-cı ildə 1,5% olacağı gözlənilir.
Proqnoza görə, 2027-ci ildə Azərbaycanda iqtisadi artımın sürətlənərək 3%-ə çatacağı, 2028-ci ildə isə 2,5% səviyyəsində qərarlaşacağı ehtimal olunur. Beləliklə, 2027-ci ildə iqtisadi artımın 2026-cı illə müqayisədə 1,5 faiz bəndi yüksələcəyi gözlənilir.
"ING Group"un rüblük proqnozları da 2027-ci ildə Azərbaycanda iqtisadi aktivliyin artacağına işarə edir. Belə ki, 2026-cı ilin üçüncü rübündə ÜDM artımının 2,8%, dördüncü rübündə isə 1,7% olacağı proqnozlaşdırılır.
2027-ci ilin birinci rübündə iqtisadi artımın 3%, ikinci rübündə 3,5%, üçüncü rübündə 2%, dördüncü rübündə isə 3,5% təşkil edəcəyi gözlənilir.
Qeyd edək ki, 2027-ci ilin büdcə zərfinin layihəsində bildirilib ki, Azərbaycanda 2027–2030-cu illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik real artımının 3,3 faiz, qeyri-neft-qaz ÜDM-inin isə 4,4 faiz olacağı proqnozlaşdırılır. Bu dövrdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin qeyri-neft-qaz sektoru olacağı gözlənilir.
Sənədə əsasən, makroiqtisadi proqnozlar hazırlanarkən ölkə iqtisadiyyatının inkişaf dinamikası, qlobal iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, qüvvədə olan sahəvi strateji sənədlər, ortamüddətli inkişaf hədəfləri, islahatlar və büdcə siyasətinin parametrləri nəzərə alınıb.
Növbəti strateji dövr üçün əsas çərçivəni isə "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair II Dövlət Proqramı" müəyyən edəcək.
Layihədəki proqnozlara görə, Azərbaycanın nominal ÜDM-i 2027-ci ildə 141 milyard manat təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 126,5 milyard manat, 2025-ci ildə 129,1 milyard manat, 2026-cı ildə isə 138 milyard manat səviyyəsində gözlənilir.
2027-ci ildə ÜDM-in real artımının 2,7 faiz olacağı proqnozlaşdırılır. 2027–2030-cu illərdə isə orta illik real artımın 3,3 faizə çatacağı gözlənilir.
Bu dövrdə qeyri-neft-qaz sektorunun iqtisadiyyatda rolunun daha da güclənəcəyi proqnozlaşdırılır. Belə ki, qeyri-neft-qaz ÜDM-inin 2027-ci ildə 109,1 milyard manat olacağı, real artım tempinin isə 4,4 faiz təşkil edəcəyi gözlənilir. 2027–2030-cu illər üzrə bu sektorun orta illik real artımı da 4,4 faiz səviyyəsində proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edək ki, qeyri-neft-qaz ÜDM-i 2024-cü ildə 86,2 milyard manat, 2025-ci ildə 92,3 milyard manat, 2026-cı ildə isə 100 milyard manat səviyyəsində gözlənilir.
