Bakı. Trend:
Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 5-i azyaşlı olmaqla 18 nəfər xilas edilib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında 72 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas olunub. Müxtəlif hadisələrlə əlaqədar, o cümlədən bağlı qapı arxasında qalma və avtoqəza halları üzrə 4 nəfərin meyiti təhvil verilib.
Nazirlik bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və fövqəladə hadisələrə çevik reaksiya verilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışıb.
