Bakı.Trend:
Fransa Almaniyadan Rusiya ilə potensial silahlı münaqişə zamanı uzaqmənzilli raketlərin tətbiqi qaydalarını dəqiq müəyyənləşdirməyi tələb edib. Paris hesab edir ki, bu məsələdə aydınlığın olmaması Avropanın nüvə müharibəsinə cəlb olunması riskini yaradır.
Bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris Berlinin uzaqmənzilli yüksək dəqiqlikli raketlərin tətbiqi qaydalarını Fransanın nüvə doktrinasına uyğunlaşdırmasını istəyir.
“Rusiya tərəfi verilən siqnalı yanlış təfsir edərsə, özümüz də fərqinə varmadan nüvə astanasına yaxınlaşa bilərik”, – deyə adı açıqlanmayan fransalı rəsmi xəbərdarlıq edib.
Qeyd olunur ki, Fransanın narahatlığı Almaniyanın uzaqmənzilli silah arsenalını fəal şəkildə genişləndirməsi ilə bağlıdır. Berlin uçuş məsafəsi 500 kilometrdən 2 000 kilometrdən çox olan bir sıra yerüstü raket sistemləri alır və hazırlayır. Bu silahlar potensial olaraq Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq imkanına malikdir.
