Bakı. Trend:
Azərbaycan Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında külək və günəş enerjisi layihələrinin inkişafı, eləcə də istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixracı imkanları dəyərləndirilir.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Antalyada "ACWA Power" şirkətinin baş icraçı direktoru Dr. Samir J. Serhan ilə külək və günəş enerjisi layihələri üzrə əməkdaşlığımızı müzakirə etdik. Yeni layihələrin şəbəkəyə inteqrasiyası və "yaşıl enerji dəhlizləri" vasitəsilə Türkiyə və Avropa bazarlarına elektrik enerjisi ixracı imkanlarını dəyərləndirdik", - paylaşımda bildirilib.
Görüş Azərbaycanın bərpa olunan enerji istehsalını artırmaq və ölkənin regional "yaşıl enerji" ixracatçısı kimi mövqeyini gücləndirmək planları fonunda xüsusi əhəmiyyət daşıyır.
Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 841,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 dəfə çoxdur. Eyni zamanda, günəş elektrik stansiyalarında istehsal 10,1 faiz artaraq 533,2 milyon kilovat-saat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkədə ümumilikdə 20 milyard 29,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bunun 15 milyard 170,3 milyon kilovat-saatı istilik, 2 milyard 739,5 milyon kilovat-saatı su elektrik stansiyalarının payına düşüb.
2030-cu ilədək külək və günəş enerjisi istehsalının 4,4 milyard kilovat-saata çatdırılması planlaşdırılır
2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapan ortamüddətli makroiqtisadi proqnozlara görə, Azərbaycanda külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 4 milyard 408,6 milyon kilovat-saat olması gözlənilir. Bu, 2027-ci il üçün nəzərdə tutulan 3 milyard 9,3 milyon kilovat-saatla müqayisədə 46,5 faiz çoxdur.
Proqnozlara əsasən, bu göstərici 2028-ci ildə 4 milyard 384,6 milyon kilovat-saat, 2029-cu ildə 4 milyard 414,3 milyon kilovat-saat təşkil edəcək.
Sənəddə həmçinin energetika sektorunda" yaşıl keçid"in sürətləndirilməsi, yeni generasiya güclərinin yaradılması, elektrik şəbəkəsinin müasirləşdirilməsi və bərpa olunan enerji mənbələrinin payının artırılması prioritetlər kimi müəyyənləşdirilib.
Bununla yanaşı, istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 24 milyard 283,5 milyon kilovat-saata çatacağı, həmin stansiyalarda təbii qaz istehlakının isə 2027-ci illə müqayisədə 34,8 faiz azalaraq 1 milyard 572,8 milyon kubmetr təşkil edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın "yaşıl enerji" ixracı planları çərçivəsində beynəlxalq enerji dəhlizlərinin yaradılması da mühüm istiqamətlərdəndir. Bu baxımdan Türkiyə və Avropa bazarlarına elektrik enerjisi nəqli imkanları yeni bərpa olunan enerji layihələrinin inkişafı ilə paralel nəzərdən keçirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycanın bərpa olunan enerji sektorunda əsas xarici investorlarından biridir. Şirkət Azərbaycanda 240 MVt gücündə Xızı–Abşeron Külək Elektrik Stansiyasının layihəsini həyata keçirib. Bundan əlavə, tərəflər külək enerjisi, enerji saxlanc sistemləri və "yaşıl hidrogen" sahələrində əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər.
