Neft azalır, qeyri-neft artır: Azərbaycan iqtisadiyyatında yeni dinamika

İqtisadiyyat Xəbər 11 Noyabr 2026 11:11 (UTC +04:00)
Neft azalır, qeyri-neft artır: Azərbaycan iqtisadiyyatında yeni dinamika
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı real ifadədə 1,7 faiz artaraq 115 milyard 930,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, hesabat dövründə iqtisadi artım əsasən qeyri-neft-qaz sektorunun, kənd təsərrüfatının, nəqliyyat və anbar təsərrüfatı, eləcə də informasiya və rabitə xidmətlərinin hesabına təmin olunub.

ÜDM-in strukturunda qeyri-neft-qaz sektorunun payına 80 milyard 701,4 milyon manatlıq məhsul və xidmət istehsalı düşüb. Bu sahədə real artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz olub. Müqayisə üçün, 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft-qaz ÜDM-i üzrə artım 2,6 faiz təşkil etmişdi. Beləliklə, oktyabr ayının yekunları ilə qeyri-neft-qaz sektorunda artım tempi 0,3 faiz bəndi yüksəlib.

Neft-qaz sektorunda isə əks tendensiya müşahidə olunub. Belə ki, bu sahədə ÜDM istehsalı 35 milyard 229,1 milyon manat təşkil etsə də, real ifadədə 0,9 faiz azalıb. Halbuki yanvar-sentyabr aylarında azalma 1,2 faiz idi. Bu, hesabat dövründə neft-qaz sektorunda geriləmənin nisbətən zəiflədiyini göstərir.

Ümumilikdə, qeyri-neft-qaz sektorunun ÜDM-də üstün mövqeyi iqtisadi artımın əsas mənbəyinin iqtisadiyyatın bu istiqaməti olduğunu bir daha nümayiş etdirir.

Sənaye sahəsində ümumi göstəricilər isə hələ də azalma nümayiş etdirir. Belə ki, 2026-cı ilin yanvar-oktyabr aylarında 58 milyard 539,6 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz azdır. Yanvar-sentyabr aylarında azalma 0,8 faiz olduğundan, oktyabrda sənayedə geriləmə cüzi zəifləyib.

Bununla yanaşı, qeyri-neft-qaz sənayesində müsbət dinamika qorunub. Hesabat dövründə bu sahədə 18 milyard 500,7 milyon manatlıq məhsul istehsal olunub ki, bu da illik müqayisədə 4,8 faiz artım deməkdir. Lakin əvvəlki dövrlə müqayisədə artım tempi 0,6 faiz bəndi aşağı düşüb. Belə ki, yanvar-sentyabr aylarında qeyri-neft-qaz sənayesində 5,4 faizlik artım qeydə alınmışdı.

Kənd təsərrüfatında isə artım tempi yüksəlib. Belə ki, yanvar-oktyabr aylarında 13 milyard 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4 faiz çoxdur. Yanvar-sentyabr aylarında qeydə alınan 1,1 faizlik artımla müqayisədə bu, 0,3 faiz bəndi yüksəlmədir.

Xidmət sektorunda xüsusilə nəqliyyat və anbar təsərrüfatı sahəsində nəzərəçarpan artım müşahidə olunub. Hesabat dövründə bu istiqamətdə xidmətlərin dəyəri 14 milyard 288,8 milyon manata çatıb. İllik müqayisədə real artım 10,2 faiz təşkil edib. Müqayisə üçün, yanvar-sentyabr aylarında bu göstərici 10 faiz idi.

İnformasiya və rabitə xidmətlərində isə 3 milyard 639,6 milyon manatlıq xidmət göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz real artım deməkdir. Bununla belə, yanvar-sentyabr aylarında 11,1 faiz olan artım tempinin oktyabrın yekunlarına görə 1,2 faiz bəndi zəiflədiyi görünür.

Pərakəndə ticarət sektorunda 57 milyard 523,4 milyon manatlıq dövriyyə qeydə alınıb. Bu sahədə real artım 3,8 faiz təşkil edib. Beləliklə, pərakəndə ticarətdə artım tempi əvvəlki ayların yekunları ilə müqayisədə dəyişməyib.

İqtisadi fəallığın digər mühüm göstəricilərindən biri olan əsas kapitala investisiyalarda da müsbət dinamika davam edib. 2026-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 16 milyard 519,8 milyon manat investisiya yönəldilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur. Lakin yanvar-sentyabr aylarında qeydə alınan 10,9 faizlik artımla müqayisədə investisiya artımının sürəti 1,2 faiz bəndi azalıb.

Əsas kapitala yatırılan investisiyaların 11 milyard 37,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu istiqamətdə investisiyaların həcmi illik müqayisədə real ifadədə 2,3 faiz artıb. Yanvar-sentyabr aylarında isə artım 3,1 faiz təşkil etmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti