Həssas təbəqənin rifahına büdcədən yetərli vəsait ayrılıb - Əli Hüseynli

İqtisadiyyat Xəbər 11 Noyabr 2026 12:14 (UTC +04:00)
Həssas təbəqənin rifahına büdcədən yetərli vəsait ayrılıb - Əli Hüseynli
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və ədliyyə orqanlarının saxlanılması üçün ayrılan vəsait 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci illə müqayisədə isə 17 faiz çoxdur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcə təqdimatlarından sonra ölkə iqtisadiyyatının dünyada mövcud qeyri-müəyyənliklər fonunda yüksək dayanıqlılıq nümayiş etdirdiyini söyləmək mümkündür.

Deputatın sözlərinə görə, növbəti ildə hərbi sahənin və hərbi sənaye kompleksinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin davam etdirilməsi üçün kifayət qədər vəsait ayrılıb. Bununla yanaşı, dövlət vətəndaşların həssas təbəqəsinin rifahının yaxşılaşdırılması məqsədilə də büdcədən yetərli vəsait nəzərdə tutub.

O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyin hökm sürməsi, ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi xarici investorlar üçün ölkəni daha cəlbedici edib.

Ə.Hüseynli çıxışında regionların dotasiyadan asılılığının azaldılması məsələsinə də toxunub. O, Sahil Babayevin çıxışında həm neftdən asılılığın, həm də regionların dotasiyadan asılılığının azaldılmasının qarşıya qoyulan ciddi məqsədlər kimi vurğulandığını xatırladıb və bu hədəflərin 2027-ci ilin dövlət büdcəsində də davam etdirildiyini bildirib.

Deputat qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və ədliyyə orqanlarının saxlanılması üçün kifayət qədər vəsait ayrılıb. Onun sözlərinə görə, bu xərclər 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci illə müqayisədə isə 17 faiz çoxdur.

Ə.Hüseynli məhkəmə-hüquq islahatları üçün ayrılan vəsaitin ilk növbədə qanunun aliliyinin və insan hüquqlarının qorunmasına xidmət etdiyini vurğulayıb.

O, bu baxımdan Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilmiş “Pulsuz hüquqi yardım haqqında” qanunu da xüsusi qeyd edib. Bildirib ki, qanun hər kəsin hüquqlarının daha səmərəli qorunmasına xidmət edəcək.

Deputat 2027-ci ilin dövlət büdcəsində bu xidmətin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulmasını da təqdirəlayiq hesab edib.

Ə.Hüseynli Azərbaycanda korrupsiyaya qarşı mübarizənin həmişə olduğu kimi prioritet olaraq qaldığını bildirib. O, bir müddət əvvəl cinayət və inzibati qanunvericilikdə edilmiş dəyişikliklərin maliyyə şəffaflığının və maliyyə nəzarətinin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Bununla yanaşı, deputat büdcə şəffaflığının təmin olunması üçün preventiv tədbirlərin görülməsinin də vacibliyini vurğulayıb.

O, bu kontekstdə Milli Məclisdə müzakirə olunan korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi, eləcə də maraqlar toqquşması haqqında qanun layihələrinə diqqət çəkib.

“Əminəm ki, bu qanun layihələrinin cari ildə qəbulu növbəti ildə büdcə şəffaflığının təmin olunmasına xidmət edəcək”, – deyə Ə.Hüseynli bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti