Bakı. Trend:
Azərbaycanda minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. İlkin mərhələdə bu sistemin kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi təklif olunur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində insan, onun rifahı və layiqli əmək hüququ dayanır. Əmək bazarında baş verən dəyişikliklər qanunvericiliyin də yenilənməsini zəruri edir.
Nazir müavininin sözlərinə görə, əsas məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarını daha etibarlı qorumaqdır.
O qeyd edib ki, müzakirəyə təqdim olunan qanun layihəsi bu məqsədə xidmət edir və dörd əsas istiqaməti əhatə edir: əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və istirahət hüququnun real təmin olunması.
Z.Əliyeva görə, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini tələb edir.
Bu səbəbdən layihədə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqının tətbiqi nəzərdə tutulur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur.
O bildirib ki, sistemin tətbiq ediləcəyi fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.
“Bu sistem minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq”, – deyə nazir müavini vurğulayıb.
Z.Əliyev əməkhaqqı ödənişlərinin elektronlaşdırılmasının da layihənin əsas istiqamətlərindən biri olduğunu bildirib.
Onun sözlərinə görə, işçilərə ödənilən əməkhaqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında, Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək.
Nazir müavini qeyd edib ki, bu mexanizmin əsas üstünlüklərindən biri əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsinin deyil, faktiki ödənilməsinin də elektron məlumatlar əsasında izlənilə bilməsidir.
“Beləliklə, əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşacaq”, – deyə o bildirib.
Z.Əliyev əlavə edib ki, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır. O, əmək münasibətlərinin iştirakçıları üçün əməkhaqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, eləcə də şəxsin gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış imkanının yaradılmasını da nəzərdə tutur.
Bildirilib ki, sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət, ezamiyyə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi kimi hallarda orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edəcək.
Onun sözlərinə görə, təklif olunan dəyişikliklər əmək münasibətlərində rəqəmsal məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək.
Nazir müavini layihədə üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı altı ay sosial sığorta stajının tələb olunmasının da təklif edildiyini diqqətə çatdırıb. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəaların da bu yanaşmaya uyğunlaşdırılması nəzərdə tutulur.
O xüsusi olaraq qeyd edib ki, altı aylıq staj tələbi müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır.
Z.Əliyev bildirib ki, mövcud hüquqi tənzimləmədə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir.
Onun sözlərinə görə, altı aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin olunması, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu tələb, eyni zamanda, gələcəkdə müavinətin məbləğinin artırılması üçün daha sağlam əsas formalaşdıracaq.
Z.Əliyev məzuniyyət hüququnun təmin edilməsi ilə bağlı dəyişikliklərə də toxunub. O bildirib ki, bu dəyişikliklər işçilərin istirahət hüququnun real təmin edilməsinə və milli qanunvericiliyin beynəlxalq əmək standartlarına uyğunlaşdırılmasına xidmət edir.
Layihə ilə əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Əmək Məcəlləsində nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir.
Nazir müavini vurğulayıb ki, burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir.
“İşçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz”, – deyə Z.Əliyev bildirib.
O qeyd edib ki, layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı hallarının daha dəqiq müəyyənləşdirilməsi də nəzərdə tutulur. Bu, praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.
Bundan əlavə, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur.
Z.Əliyev bildirib ki, təklif olunan dəyişikliklərin ümumi hədəfi işçilərin əməyinin dəyərini və sosial müdafiənin dayanıqlılığını qorumaq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək və beynəlxalq reytinqlərdə ölkənin mövqeyini gücləndirməkdir.
