Bakı. Trend:
Azərbaycanda bələdiyyələrə ayrılan dotasiya və subsidiyaların artırılması, bu vəsaitlərin ilin əvvəlində ödənilməsi və regionların topladığı əlavə gəlirlərdən daha sərbəst istifadə etməsinə şərait yaradılması təklif olunur. Deputat Siyavuş Novruzov bildirib ki, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi onların yerli problemləri daha səmərəli həll etməsinə kömək edər.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov qeyd edib ki, hazırda dövlət büdcəsində digər məsələlərlə yanaşı, artımlar müzakirə olunur. Prezidentin də qeyd etdiyi kimi, minimum əməkhaqqı və minimum pensiyalarda artımlar olacaq, digər sahələrdə də ildən-ilə artımlar müşahidə edilir.
“Bu da uğurlu iqtisadi siyasətin bariz nümunəsidir”, – deyə o vurğulayıb.
Regional məsələlərə toxunan deputat bildirib ki, iqtisadi inkişafda güc mərkəzi getdikcə regionlara keçir. Onun sözlərinə görə, regionlara investisiya yatıran təşkilatlar üçün ciddi güzəştlər tətbiq olunur, onlara əlverişli şərait yaradılır və müəyyən fəaliyyət istiqamətləri üzrə vergi azadolmaları nəzərdə tutulur.
S.Novruzov xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin açıldığını, kənd təsərrüfatının müxtəlif sahələrinin yaradıldığını və genişmiqyaslı işlərin aparıldığını bildirib. Eyni proseslərin Naxçıvan Muxtar Respublikasında və ölkənin digər bölgələrində də davam etdiyini deyən deputat bu tədbirlərin büdcə gəlirlərinin artmasına dəstək verdiyini vurğulayıb.
Onun sözlərinə görə, regionlarda yeni iş yerlərinin açılması vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Deputat bildirib ki, bir neçə ildir işğaldan azad olunmuş ərazilər istisna olmaqla, ölkənin digər rayonlarının heç biri dövlət büdcəsindən dotasiya almır və özünü maliyyə baxımından təmin edir.
O əlavə edib ki, həmin rayonlar öz xərclərini qarşılamaqla yanaşı, topladıqları vəsaitin müəyyən hissəsini də öz ərazilərində saxlayır və müxtəlif sahələrə yönəldə bilirlər.
S.Novruzov hesab edir ki, regionların topladığı əlavə gəlirlərdən istifadə imkanları daha da genişləndirilməlidir. Çünki yerli səviyyədə hansı sahələrə daha çox vəsait ayrılmasının məqsədəuyğun olduğunu həmin ərazilərdə daha yaxşı müəyyən etmək mümkündür.
“Bu vəsaitlər yalnız abadlıq və quruculuq işlərinə deyil, həm də gəlir gətirən sahələrə yönəldilməlidir. Küçələrin salınması, əlbəttə, zəruridir və vətəndaşlar üçün vacibdir. Amma vəsaitlərin gəlir gətirən sahələrə yatırılması daha məqsədəuyğundur”, – deyə deputat bildirib.
O, bələdiyyələrin maliyyələşdirilməsi məsələsinə də toxunaraq qeyd edib ki, 2005, 2006 və 2007-ci illərdən bəri bələdiyyələrə ayrılan dotasiya və subsidiyaların məbləği artırılmayıb.
S.Novruzov bildirib ki, digər sahələr üzrə büdcə vəsaitləri artırılsa da, bələdiyyələrin dotasiya və subsidiyalarında belə artım müşahidə olunmur.
Deputatın sözlərinə görə, bələdiyyələrin səlahiyyətlərinə aid olan və olmayan bir sıra məsələlərlə bağlı ictimaiyyətdə, televiziya kanallarında iradlar səsləndirilir və vətəndaşlar problemlərin həllini bələdiyyələrdən tələb edirlər.
O bildirib ki, bu problemlərin bir hissəsi bələdiyyələrə aid səlahiyyətlərin hələ də tam şəkildə verilməməsi ilə bağlıdır. Digər hissəsi isə nazirliklərin, komitələrin və şirkətlərin səlahiyyətlərinə aid olan məsələlərdir.
Deputat nümunə kimi su təminatını göstərib. Onun sözlərinə görə, su təsərrüfatının böyük hissəsi bələdiyyələrin səlahiyyətinə verilməyib və bu sahədə ayrıca şirkət və təşkilatlar fəaliyyət göstərir.
Zibilin yığılması məsələsində isə bələdiyyələrə iradlar bildirildiyini deyən S.Novruzov qeyd edib ki, bəzi hallarda icra hakimiyyətləri bu xidmətin göstərilməsi üçün şirkətlərlə müqavilə bağlayır. Şirkət tullantıları vaxtında daşımasa belə, vətəndaşlar narazılıqlarını bələdiyyələrə bildirirlər. Halbuki bələdiyyələrin həmin işi görmək üçün müvafiq vəsaiti olmur və onlar problemi həll edə bilmirlər.
Deputat bu səbəbdən bələdiyyələrə ayrılan dotasiya və subsidiyaların müəyyən dərəcədə artırılmasını məqsədəuyğun hesab edib.
S.Novruzov büdcə vəsaitlərinin ayrılma vaxtının da problem yaratdığını bildirib. O qeyd edib ki, iri təşkilatlara ayrılan büdcə vəsaitləri rüblər üzrə verilir və bu yanaşma düzgündür. Məsələn, müdafiə sahəsinə ayrılan 8 milyard manatlıq vəsait hissələr üzrə təqdim olunur.
Bələdiyyələrə isə dotasiya, bir qayda olaraq, birdəfəlik ayrılır. Deputatın sözlərinə görə, bəzi illərdə bu vəsait sentyabrda, başqa bir ildə isə iyunda ödənilib. Halbuki bələdiyyələr vəsaiti aldıqdan sonra sənədləşmə aparmalı, tender elan etməli və satınalma prosedurlarını həyata keçirməlidirlər.
O bildirib ki, dotasiyanın ilin sonuna yaxın ayrılması bələdiyyələrin vəsaiti vaxtında istifadə etməsinə mane olur. İlin sonuna çatdıqda xərclənməyən vəsait bağlanaraq geri qaytarılır, bələdiyyələr isə dotasiyanı yalnız bir dəfə almaq imkanına malik olduqları üçün həmin vəsaitdən səmərəli istifadə edə bilmirlər.
“Bələdiyyələrə ayrılan vəsaitin ilin əvvəlində verilməsi daha yaxşı və məqsədəuyğun olardı”, – deyə S.Novruzov vurğulayıb.
Deputat regionlarda aparılan kadr islahatlarına da diqqət çəkib. O bildirib ki, hazırda ayrı-ayrı nazirlik və strukturlarda, o cümlədən yerli icra hakimiyyəti orqanlarında və yerli icra nümayəndəliklərində ixtisarlar həyata keçirilir. Bəzi qurumlarda ştatların şişirdildiyi məlum olduğundan bu ixtisarların aparılması zəruri hesab olunur.
S.Novruzovun sözlərinə görə, yerli icra nümayəndəliklərində hazırda dörd nəfərin çalışdığı yerlərdə iki nəfərin ixtisara düşməsi nəticəsində kəndlərin idarə olunması təxminən iki əməkdaşın üzərinə qalır.
O, ixtisarlar zamanı qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə təminatlarının da nəzərə alınmasının vacibliyini vurğulayıb. Bildirib ki, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri, əlilliyi olan şəxslər, himayəsində azyaşlı və ya xəstə olan şəxslər ixtisar zamanı qanunvericiliyə uyğun olaraq üstün müdafiə hüququna malikdirlər. Belə şəxslər yalnız zərurət yarandıqda və qanunvericilikdə nəzərdə tutulan ardıcıllıq gözlənilməklə ixtisara düşə bilərlər.
Deputat qeyd edib ki, bəzi yerli nümayəndəliklərdə cəmi iki əməkdaş çalışdığı halda onların hər ikisinin ixtisara düşməsi ehtimalı yaranır. Bu zaman həmin ərazidə işləri həyata keçirəcək əməkdaşın qalması üçün yanaşma müəyyənləşdirilməlidir.
S.Novruzov ixtisarların səhiyyə sahəsində də müəyyən problemlərə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, poliklinika və xəstəxanalarda çalışan həkimlərdən də bu barədə müraciətlər daxil olub. Bəzi hallarda ən savadlı və təcrübəli həkimlər iş stajlarının az olması və ya qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə kateqoriyalarına aid edilməmələri səbəbindən ixtisara düşürlər.
O, bu məsələyə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Deputat bələdiyyələrin birləşdirilməsi nəticəsində yaranan borc problemini də gündəmə gətirib. O bildirib ki, son bələdiyyə seçkilərindən sonra bir neçə bələdiyyə birləşdirilib, əvvəlki bələdiyyələr ləğv olunub və onların bir qismi üzrə sosial müdafiə orqanlarına təxminən 9 min manat borc qalıb.
S.Novruzovun sözlərinə görə, ləğv edilmiş bələdiyyələrdə artıq əməkdaşlar çalışmır, lakin borc tələbi qüvvədə qaldığından yeni bələdiyyələr bank hesabları aça bilmir. Bəzi bələdiyyələrin bank hesabları dondurulur və vəsait dövriyyəsinin bank vasitəsilə həyata keçirilməsinə imkan yaranmır.
O, bu problemin hansı formada həll ediləcəyinin müəyyənləşdirilməsini, borcların müvafiq qaydada ləğv olunması və ya bölüşdürülməsi məsələsinə baxılmasını təklif edib.
Deputat hesab edir ki, bu məsələlər həllini taparsa, bələdiyyələrin inkişafı üçün daha əlverişli şərait yaranacaq və gələcəkdə onların dövlət dotasiyasına ehtiyacı qalmadan özünü təmin etməsi, əhalinin qayğıları ilə məşğul olması mümkün olacaq.
