Şavkat Mirziyoyev və TDT baş katibi təşkilatın sammitə hazırlığını müzakirə edib

Siyasət Xəbər 11 Noyabr 2026 12:56 (UTC +04:00)
Şavkat Mirziyoyev və TDT baş katibi təşkilatın sammitə hazırlığını müzakirə edib
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Özbəkistan üzrə iqtisadi müxbir Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvohid Azimovla təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Mirziyoyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində baş tutub.

Tərəflər təşkilatın fəaliyyətinin prioritet istiqamətlərini və Özbəkistanla əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Danışıqlar zamanı Azimovun vəzifəsinin icrasına başlamazdan əvvəl qarşısında duran əsas vəzifələr barədə fikir mübadiləsi aparılıb, həmçinin Özbəkistanın TDT ilə çoxtərəfli əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

2027-ci ildə Özbəkistanda keçiriləcək TDT sammitinə hazırlıq məsələlərinə ayrıca diqqət yetirilib. Mirziyoyev tədbirin həm logistika, həm də məzmun baxımından yüksək səviyyədə təşkil edilməsinin vacibliyini vurğulayıb.

Özbəkistan Prezidenti Azimovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, ona TDT-nin baş katibi kimi fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə yaradılmış hökumətlərarası təşkilatdır. Türk Şurası kimi də tanınan qurum 2021-ci ildə indiki adını alıb. Təşkilatın fəaliyyəti türk dövlətləri arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, mədəniyyət, təhsil və texnologiya sahələrində hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti