Bakı. Trend:
Aşqabadda Maxtumuquli adına Milli Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan və Türkmənistan incəsənət ustalarının iştirakı ilə təntənəli konsert təşkil olunub.
Azərbaycanın Türkmənistandakı səfirliyinin məlumatına görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov Zəfər Gününün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının, xalqımızın milli iradə, birlik və qəhrəmanlığının təntənəsi olduğunu vurğulayıb. Dövlət Bayrağının isə Azərbaycanın müstəqilliyinin, milli kimliyinin və suverenliyinin rəmzi olduğunu qeyd edib.
Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. Bildirib ki, bu Zəfər Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin və ədalətin təntənəsidir. Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərimiz azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib.
Səfir, həmçinin Azərbaycanın bütün suveren ərazilərində dalğalanan üçrəngli Dövlət Bayrağının xalqımızın müstəqilliyinin, milli kimliyinin və Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin rəmzi olduğunu vurğulayıb.
Səfir Azərbaycan və türkmən xalqlarını birləşdirən ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin dövlətlərimiz arasında münasibətlərin möhkəm təməlini təşkil etdiyini bildirib.
Çıxışda son illərdə Azərbaycan və Türkmənistan arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinin ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyi vurğulanıb. Mədəni-humanitar əlaqələrdən bəhs edən səfir, 2025-ci ildə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, 2026-cı ilin iyun ayında isə Türkmənistanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinin qarşılıqlı mədəni mübadiləyə mühüm töhfə verdiyini qeyd edib.
Mərasimdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursehet Şirimov çıxış edərək, Azərbaycan xalqını Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair səmimi fikirlərini ifadə edib.
Konsert proqramında Azərbaycan və Türkmənistanın xalq və əməkdar artistlərinin, eləcə də tanınmış musiqiçilərinin ifasında hər iki xalqın zəngin musiqi irsini əks etdirən xalq və bəstəkar mahnıları, klassik musiqi əsərləri və instrumental nömrələr təqdim olunub. Proqramda Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də Azərbaycan xalq mahnıları səsləndirilib. Azərbaycanın Əməkdar artisti İlahə Əfəndiyeva və Əməkdar müəllimi Zülfiyyə Sadıqova türkmən musiqiçilərlə birgə çıxış ediblər. Musiqi nömrələri Türkmənistanın Əməkdar incəsənət xadimi Rövşən Nepesovun rəhbərlik etdiyi orkestrin müşayiəti ilə təqdim olunub. Konsert çərçivəsində “Bakı tanqosu” əsərinin premyerası da keçirilib.
Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Aşqabadda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel, eləcə də media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.