Dünyada neft hasilatı 2027-ci ildə artacaq - EIA

Energetika Xəbər 11 Noyabr 2026 16:44 (UTC +04:00)
Dünyada neft hasilatı 2027-ci ildə artacaq - EIA
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.

Bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) noyabr ayında açıqladığı “Qısamüddətli enerji perspektivi” (Short-Term Energy Outlook) hesabatında bildirilib.

EIA-nın proqnozuna görə, 2025-ci ildə dünya üzrə gündəlik orta hesabla 79 milyon barel təşkil edən xam neft hasilatı 2026-cı ildə 3,7% azalacaq. 2027-ci ildə isə hasilatın əvvəlki illə müqayisədə 6,3% artaraq 80,87 milyon barelə çatacağı gözlənilir.

Hesabatda dünya üzrə neft hasilatının dinamikası OPEC+ ölkələri, ABŞ və OPEC+ sazişinə daxil olmayan digər ölkələr üzrə ayrıca qiymətləndirilib.

Belə ki, OPEC+ ölkələrinin ümumi xam neft hasilatının 2025-ci ildəki gündəlik 33,33 milyon bareldən 2026-cı ildə 30,08 milyon barelə enəcəyi proqnozlaşdırılır. Bu, illik müqayisədə 9,8% azalma deməkdir. 2027-ci ildə isə qrupun hasilatının 11,7% artaraq gündəlik 33,61 milyon barelə yüksələcəyi gözlənilir.

ABŞ-də xam neft hasilatının artım tendensiyasını davam etdirəcəyi bildirilir. EIA-nın məlumatına əsasən, ölkənin gündəlik hasilatı 2025-ci ildəki 13,66 milyon bareldən 2026-cı ildə 13,85 milyon barelə, 2027-ci ildə isə 14,30 milyon barelə çatacaq.

OPEC+ sazişində iştirak etməyən və ABŞ-dan kənarda yerləşən digər ölkələrdə də hasilatın artacağı gözlənilir. Bu ölkələr üzrə gündəlik hasilatın 2025-ci ildəki 32,01 milyon bareldən 2026-cı ildə 32,16 milyon barelə, 2027-ci ildə isə 32,96 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.

Beləliklə, EIA-nın hesablamalarına əsasən, 2026-cı ildə dünya üzrə hasilatın azalmasında əsas pay OPEC+ ölkələrinin istehsalındakı geriləmənin üzərinə düşəcək. ABŞ və digər OPEC+ üzvü olmayan ölkələrdə gözlənilən artım isə bu azalmanı tam kompensasiya etməyəcək. 2027-ci ildə isə OPEC+ ölkələrində hasilatın bərpası ilə yanaşı, ABŞ və digər istehsalçılarda artımın davam etməsi qlobal təklifin genişlənməsini dəstəkləyəcək.

Hesabatda OPEC ölkələrinin hasilatı da ayrıca göstərilib. Proqnoza görə, OPEC üzvlərinin gündəlik xam neft hasilatı 2025-ci ildəki 24,63 milyon bareldən 2026-cı ildə 21,05 milyon barelə enəcək, 2027-ci ildə isə 24,07 milyon barelə yüksələcək.

EIA-nın qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə və neft təchizatında yaranan məhdudiyyətlər hasilat proqnozlarına təsir edən əsas amillərdəndir. Belə ki, regionda xam neft hasilatının dayandırılması 2026-cı ilin oktyabrında gündəlik orta hesabla 2,5 milyon barel təşkil edib. Bu göstərici may ayında qeydə alınmış gündəlik 10,9 milyon barellik pik səviyyədən əhəmiyyətli dərəcədə aşağıdır.

Administrasiya Yaxın Şərqdəki hasilat məhdudiyyətlərinin 2026-cı ilin sonunadək əsasən davam edəcəyini, 2027-ci ildə isə regionda neft hasilatının tədricən bərpa olunacağını gözləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti