Bakı. Trend:
Azərbaycanda qızılca ilə bağlı epidemioloji vəziyyət nəzarət altındadır. Yoluxma hallarının əsasən peyvənd olunmamış və ya peyvəndləri tam başa çatdırılmamış uşaqlar arasında qeydə alındığı müşahidə edilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qızılca üzrə epidemioloji nəzarət davamlı olaraq həyata keçirilir, yoluxma ocaqlarında araşdırmalar aparılır, təmasda olan şəxslər tibbi müşahidəyə götürülür və zəruri profilaktik və əksepidemik tədbirlər görülür.
"Mövcud epidemioloji vəziyyət əhali arasında narahatlıq doğuracaq xarakter daşımır. Valideynlərə uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq QPM (qızılca, parotit, məxmərək) vaksini ilə vaxtında peyvənd olunmasını və vaksinasiyanın tam kursunun başa çatdırılmasını təmin etmələri tövsiyə olunur", - deyə əlavə edilib.
Xatırladaq ki, son aylar ərzində bir sıra ölkədə, o cümlədən ABŞ-də qızılcaya yoluxma halları kəskin artıb. ABŞ-də 2026-cı ildə təsdiqlənmiş qızılca hallarının sayı 3 887-yə çatıb ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
