Bakı.Trend:
Avstraliya regionun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini (Pacific Climate Financing Mechanism) fəal şəkildə dəstəkləyir.
Bunu Avstraliyanın Baş naziri Entoni Albaniz çərşənbə günü Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu mexanizm Avstraliyanın Sakit okean ölkələri qarşısında onların iqlim təhdidləri ilə mübarizədə tək qalmayacaqlarına dair öhdəliyidir.
"Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmi regiondakı tərəfdaşlarımıza iqlim böhranı ilə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalmayacaqlarına dair vəddir. Avstraliya bu təşəbbüsü böyük həvəslə dəstəkləyib və Sakit okean regionundan kənar ölkələr də ona qoşulur. Təşəbbüs artıq təsirli nəticələr nümayiş etdirir", – deyə Albaniz qeyd edib.
O vurğulayıb ki, həssas ölkələrə dəstək konkret tədbirlər və beynəlxalq tərəfdaşlıqla müşayiət olunmalıdır.
Baş nazir buna nümunə olaraq Tuvaluda həyata keçirilən Tuvalu Sahil Uyğunlaşması Layihəsini (Tuvalu Coastal Adaptation Project) göstərib. Layihə sahil eroziyasının qarşısının alınmasına, yaşayış məntəqələrinin fırtınalardan qorunmasına və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən təhlükə altında olan torpaqların bərpasına yönəlib.
Albanizin sözlərinə görə, bu cür layihələr səylərin birləşdirilməsinin iqlim dəyişikliyinə uyğunlaşma sahəsində praktiki nəticələr əldə etməyə imkan verdiyini göstərir.
O, həmçinin COP31 iştirakçılarını iqlim böhranı şəraitində heç bir ölkənin və əhali qrupunun dəstəksiz qalmamalı olduğu prinsipinə əməl etməyə çağırıb.
"Heç kəs inkişaf imkanlarından məhrum edilməməli, heç kəs diqqətdən kənarda qalmamalıdır", – deyə Baş nazir dünya liderlərini iqlimlə bağlı öhdəlikləri konkret tədbirlərə çevirməyə çağırıb..
