Bakı.Trend:
Noyabrın 10-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş A/C.3/81/L.24 nömrəli “İtkin düşmüş şəxslər” adlı qətnamə Üçüncü Komitənin (Sosial, Humanitar və Mədəniyyət Məsələləri) 41-ci plenar iclasında konsensusla qəbul edilib. Qətnaməyə müxtəlif regionları təmsil edən 63 üzv dövlət həmmüəllif qismində qoşulub.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə,
Azərbaycanın ilk dəfə 2002-ci ildə Baş Assambleyanın 57-ci
sessiyasında irəli sürdüyü və uzun illərdir davam etdirdiyi bu
təşəbbüs itkin düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüquq,
habelə müvafiq hallarda beynəlxalq insan hüquqları hüququ ilə
tamamlanan öhdəlikləri bir daha təsdiq edir.
Qətnamədə silahlı münaqişə tərəfi olan dövlətlərə şəxslərin itkin
düşməsinin qarşısını almaq və itkin düşmüş şəxslərin taleyini
müəyyənləşdirmək məqsədilə bütün müvafiq tədbirləri görmək barədə
çağırış vurğulanır.
Eyni zamanda, itkin düşmüş şəxslərlə bağlı halların cinayət əməli
təşkil edən hərəkətlərlə əlaqəli olduğu xatırladılır və itkin
düşmüş şəxslərlə bağlı beynəlxalq humanitar hüququn və beynəlxalq
insan hüquqları hüququnun pozulmasına görə cəzasızlığa son
qoyulmasının vacibliyi vurğulanır.
Qətnamədə dövlətlər itkin düşmüş şəxslərlə bağlı məsələlərin
həllində, o cümlədən dəfn yerlərinin müəyyənləşdirilməsi,
xəritələşdirilməsi və qorunub saxlanılması yolu ilə əməkdaşlığa
çağırılır. Qətnamədə bu kontekstdə, ilk dəfə olaraq, fərdi,
kollektiv və kütləvi məzarlıqlara açıq şəkildə istinad edilir.
Həmçinin, qətnaməyə sülh və sülh quruculuğu prosesləri kontekstində
itkin düşmüş şəxslər məsələsinin həllinin əhəmiyyətini vurğulayan,
onların taleyinin müəyyənləşdirilməsi məqsədilə bu məsələnin qeyd
olunan proseslərə inteqrasiyasını təşviq edən yeni müddəalar da
daxil edilib.
Qətnamədə, habelə minaların, müharibənin partlayıcı qalıqlarının və
kustar üsulla hazırlanmış partlayıcı qurğuların itkin düşmüş
şəxslərin olduğu yerin müəyyənləşdirilməsi istiqamətində səylərə
maneə törətməsindən narahatlıq ifadə edilir.
Bundan əlavə, BMT Baş katibindən qətnamənin icrası ilə bağlı İnsan
Hüquqları Şurasına və Baş Assambleyaya hərtərəfli hesabat təqdim
etməsi sorğu olunur.
Qətnamədə müvafiq BMT qurumlarının və Baş Assambleyanın
müşahidəçilərinin iştirakı ilə Baş Assambleyanın yüksək səviyyəli
qeyri-rəsmi iclasının çağırılması və həmin iclasda BMT Baş katibi
tərəfindən məruzə ilə çıxış edilməsi və ardınca interaktiv dialoqun
keçirilməsi xahiş olunur.
“İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi
bu aktual humanitar problemin həlli ilə bağlı beynəlxalq
ictimaiyyətin ortaq öhdəliyinə dair güclü bir mesajdır.
