Bakı. Trend:
Dövlət Yol Polisinin adından vətəndaşlara göndərilən saxta SMS-lər vasitəsilə bank kartı məlumatlarının ələ keçirilməsinə cəhd olunur.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) son günlər bu cür fişinq hücumlarının artdığını açıqlayıb.
Bildirilib ki, kiberdələduzlar xarici nömrələrdən sürət həddinin aşılması barədə saxta SMS-lər göndərirlər. Mesajlardakı keçidlər istifadəçiləri “ASAN Pay” elektron ödəniş portalının görünüşünü təqlid edən saxta səhifələrə yönləndirir.
Həmin səhifələrdə əvvəlcə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının daxil edilməsi tələb olunur. Daha sonra guya törədilmiş yol hərəkəti qayda pozuntusu barədə həqiqətə uyğun olmayan məlumatlar göstərilir. Cərimənin ödənilməsi adı altında bank kartının nömrəsi, etibarlılıq müddəti və CVV/CVC kodu istənilir.
Agentlik xəbərdarlıq edib ki, bu məlumatların təqdim edilməsi vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsinə səbəb ola bilər.
MKA vətəndaşları SMS və messencerlər vasitəsilə göndərilən naməlum keçidlərə daxil olmamağa, məlumat təqdim etməzdən əvvəl saytın domen adını yoxlamağa, şübhəli səhifələrdə bank kartı məlumatlarını və birdəfəlik təsdiqləmə kodlarını paylaşmamağa çağırıb.
Qeyd olunub ki, dövlət qurumları və rəsmi xidmətlər ödəniş və ya cərimə bildirişlərini xarici nömrələrdən göndərmir. Cərimələr barədə məlumatları yalnız rəsmi dövlət resursları və “ASAN Pay” xidmətinin rəsmi kanalları, o cümlədən asanpay.az vasitəsilə yoxlamaq tövsiyə edilir.
Bank kartı məlumatlarını saxta səhifələrə daxil edən şəxslərə dərhal bankları ilə əlaqə saxlayaraq kartlarını bloklatmaq və hüquq-mühafizə orqanlarına məlumat vermək tövsiyə olunub.
