BMT Baş katibi 2035-ci ilə qədər iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsini azı 3 dəfə artırmağa çağırıb

Yaşıl iqtisadiyyat Xəbər 11 Noyabr 2026 15:05 (UTC +04:00)
BMT Baş katibi 2035-ci ilə qədər iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsini azı 3 dəfə artırmağa çağırıb
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etmiş ölkələr 2035-ci ilədək hər il iqlim maliyyələşdirilməsi çərçivəsində ən azı 300 milyard dollar vəsait ayırmalı, həmçinin həmin müddətədək iqlim dəyişikliyinə uyğunlaşmanın maliyyələşdirilməsini ən azı üç dəfə artırmaq üçün konkret planlar təqdim etməlidirlər.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə günü Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrin həm emissiyaları azaltması, həm də iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşa bilməsi üçün iqlim maliyyələşdirilməsi kifayət qədər həcmdə olmalı, əlverişli şərtlərlə və gecikdirilmədən təqdim edilməlidir.

Quterreş vurğulayıb ki, Çindən başqa inkişaf etməkdə olan iqtisadiyyatlar dünya əhalisinin təxminən üçdəikisini təşkil etsə də, qlobal təmiz enerji investisiyalarının beşdəbirindən azını əldə edirlər. Bununla yanaşı, onların əksəriyyəti vəsaitləri iki-üç dəfə yüksək faiz dərəcələri ilə borc götürməyə məcbur qalır.

"Ölkələrdən iqtisadiyyatlarını transformasiya etməyi tələb edə bilmərik, eyni zamanda onları bunun üçün zəruri vəsaitlərdən məhrum edə bilmərik", – deyə o bildirib.

BMT-nin Baş katibi inkişaf etməkdə olan ölkələr üçün 1,3 trilyon dollar həcmində iqlim maliyyələşdirilməsinin səfərbər edilməsi məqsədinin real şəkildə həyata keçirilməsinə də çağırıb.

O, çoxtərəfli inkişaf banklarının roluna ayrıca toxunaraq, onların kreditləşmə imkanlarının genişləndirilməsinin və özəl investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayıb.

"Çoxtərəfli inkişaf bankları 2030-cu ilədək hər il 120 milyard dollar vəsait ayırmaqla bağlı Bakıda qəbul edilmiş öhdəliklə kifayətlənməməlidirlər. Onların səhmdarları kreditləşmənin artırılması, daha çox özəl investisiyanın səfərbər edilməsi və daha yüksək risklərin götürülməsi üçün bu banklara imkan yaratmalıdırlar", – deyə Quterreş qeyd edib.

O, həmçinin inkişaf etmiş ölkələri öz emissiyalarını daha sürətlə azaltmağa, vəd edilmiş maliyyə və texnoloji resursları təqdim etməyə, inkişaf etməkdə olan iqtisadiyyatları isə qalıq yanacaqlardan bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirməyə çağırıb.

BMT-nin Baş katibinin sözlərinə görə, iqlim dəyişikliklərinə uyğunlaşma da əsas prioritetlərdən biri olmalıdır. O, bunu yaşamaq uğrunda mübarizə məsələsi adlandıraraq, hər bir insanın erkən xəbərdarlıq sistemləri ilə təmin edilməsinə, hər bir icmanın isə daşqınlardan, quraqlıqlardan və dəniz səviyyəsinin yüksəlməsindən qorunmasına çağırıb. Uyğunlaşma tədbirlərinin artıq zərərin qarşısını ala bilmədiyi hallarda isə itki və zərərlərə cavab mexanizmləri çərçivəsində zərər çəkmiş ölkələrə dəstək operativ şəkildə və əlçatan şərtlərlə göstərilməlidir.

Quterreş vurğulayıb ki, beynəlxalq iqlim siyasəti dövlətlərin müxtəlif imkan və öhdəlikləri nəzərə alınmaqla, ümumi, lakin fərqləndirilmiş məsuliyyət prinsipi əsasında qurulmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti