Bakı.Trend:
Rəsmi İrəvan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir.
TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“ (Nikol) Paşinyan Ermənistanın KTMT-də iştirak etməyə marağını itirdiyini dəfələrlə bəyan edib. Paşinyanın nə gözlədiyini bilmirik, lakin Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etmədiyi açıq-aydındır”, – deyə o, İrəvanın bununla yanaşı, təşkilatdan çıxmaq prosesinə başlamamasını şərh edərkən bildirib.
Peskovun sözlərinə görə, təşkilat buna lazımı reaksiya verəcək.
“Üzv ölkələrin qərarı ilə nizamnamədə nəzərdə tutulan bütün müddəalar işə salına bilər. Nazir də dünən nizamnamədə konkret olaraq nələrin nəzərdə tutulduğunu izah edib”, – deyə Peskov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun üzv ölkələrin Ermənistanı KTMT-dən “qovmayacağı” barədə fikirlərini şərh edərkən bildirib.
Ermənistan 15 may 1992-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsini imzalayan altı dövlətdən biri olub və 2002-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təsisçi üzvüdür.
