Bakı. Trend:
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən XIV görüşündə iştirak edib.
Bu barədə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 9-da Rusiyanın paytaxtı Moskvada keçirilən görüşə qatılıb.
Tədbirdə müasir dövrdə beynəlxalq təhlükəsizliyə qarşı təhdidlər və çağırışlar, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdləri, eləcə də irimiqyaslı təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin və ərazilərin təhlükələrdən qorunması məsələləri müzakirə olunub.
Həmçinin iştirakçı dövlətlər arasında operativ informasiya mübadiləsinin təkmilləşdirilməsi və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın əsas istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Gündəlikdəki mövzularla bağlı çıxış edən Ramil Usubov Azərbaycanın üzləşdiyi müasir çağırış və təhdidlərə qarşı həyata keçirilən tədbirlər, aidiyyəti dövlət qurumlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışıb.
O, MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanları arasında təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin dövrün sürətlə dəyişən tələblərinə uyğun olaraq daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürüb.
Xatırladaq ki, görüşdən yayılan fotoda Ramil Usubov Ermənistan nümayəndəsi Alen Simonyanla yanaşı dayanıb. Bu, MDB iştirakçısı olan dövlətlərin adlarının əlifba sırası ilə düzülməsi ilə əlaqədardır.
