Azərbaycanda gündəlik neft hasilatı oktyabrda 447 min barelə düşüb

Energetika Xəbər 11 Noyabr 2026 17:33 (UTC +04:00)
Azərbaycanda gündəlik neft hasilatı oktyabrda 447 min barelə düşüb
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 4 min barel azdır.

Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında bildirilib.

Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel müəyyən edilib. Beləliklə, oktyabrda ölkədə faktiki gündəlik neft hasilatı müəyyən edilmiş kvotadan 104 min barel aşağı olub.

OPEC-in məlumatına görə, oktyabr ayında Aralıq dənizi hövzəsində Azərbaycan neftinin qiymət fərqində (differensialında) artım qeydə alınıb. Belə ki, “Azeri Light” markalı Azərbaycan neftinin “North Sea Dated” markalı neftə nisbətən qiymət fərqi sentyabr ayı ilə müqayisədə 1,94 dollar/barel artaraq 13,21 dollar/barel müsbət fərq təşkil edib.

Bununla yanaşı, Qərbi Afrika neftinin qiymət fərqləri oktyabrda zəifləyib. Buna Avropa və Asiya neft emalı zavodlarından tələbin aşağı olması, yüksək daşıma xərcləri və satılmamış neft yüklərinin artması təsir göstərib. Avropalı emalçılar daha sərfəli qiymətlərlə təklif olunan Yaxın Şərq, Şimal dənizi və Xəzər hövzəsi neftinə üstünlük veriblər. Asiya alıcıları isə Atlantik hövzəsindən uzun məsafəyə daşınan neftin alışını azaldıblar.

Hesabatda qeyd olunur ki, “Bonny Light” markalı neftin qiymət fərqi aylıq müqayisədə 3,04 dollar/barel, “Forcados” markalı neftin qiymət fərqi isə 4,50 dollar/barel azalıb. Nəticədə onların “North Sea Dated” markasına nisbətən orta müsbət qiymət fərqi müvafiq olaraq 2,40 dollar/barel və 4,10 dollar/barel təşkil edib. “Cabinda” markalı neftin qiymət fərqi isə 6,14 dollar/barel zəifləyərək sentyabrdakı 1,09 dollar/barel müsbət fərqdən oktyabrda 5,06 dollar/barel mənfi fərqə keçib.

Aralıq dənizi bazarında digər neft markalarının qiymət fərqlərində də müxtəlif istiqamətli dəyişikliklər müşahidə olunub. “Saharan Blend” markalı neftin qiymət fərqi aylıq müqayisədə 1,13 dollar/barel artaraq 7,80 dollar/barel müsbət fərqə çatıb. “CPC Blend” markalı neftin qiymət fərqi isə 2,84 dollar/barel azalaraq sentyabrdakı 1,91 dollar/barel müsbət fərqdən oktyabrda 0,93 dollar/barel mənfi fərqə düşüb.

OPEC-in qiymətləndirməsinə görə, Yaxın Şərqdən tədarük də daxil olmaqla, orta sıxlıqlı və yüksək kükürdlü neftin təklifinin artması regionda qiymətlərə təzyiq göstərib. Bundan əlavə, Ceyhan limanı vasitəsilə neft ixracının artması və neft emalı zavodlarından tələbin zəif qalması yüksək kükürdlü neft markaları arasında rəqabəti gücləndirib.

Azərbaycanda gündəlik neft hasilatının dinamikasına gəlincə, bu ilin birinci rübündə orta göstərici 454 min barel, ikinci rübdə 456 min barel, üçüncü rübdə isə 450 min barel olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 461 min barel təşkil edib. Ötən ilin birinci rübündə bu göstərici 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü rübdə 459 min barel, dördüncü rübdə isə 458 min barel olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti