Bakı.Trend:
İndoneziyanın vitse-prezidenti Gibran Rakabuminq Raka diplomu ilə bağlı yaranmış qalmaqaldan sonra istefa ərizəsi təqdim edib.
Bu barədə “Jakarta Globe” nəşri məlumat yayıb.
Qeyd olunur ki, o, müvafiq müraciətini İndoneziyanın ali qanunverici orqanı olan Xalq Məsləhətləşmə Konqresinin rəhbəri Əhməd Muzaniyə təqdim edib.
“ O, müraciətinə dərhal baxılmasını xahiş edib və bu gün artıq Konqres rəhbərliyi onun istefası məsələsini müzakirə etmək üçün görüş keçirəcək”, – deyə nəşr Muzaninin sözlərini sitat gətirib.
39 yaşlı Gibran Rakabuminq Raka 2023-cü ildə orta təhsil haqqında sənədlərinin həqiqiliyi ilə bağlı yaranmış qalmaqalın mərkəzində olub. Həmin vaxt sosial şəbəkələrdə onun əslində orta təhsil müəssisəsini bitirmədiyi və orta təhsil haqqında qanuni diplomunun olmamasının 2024-cü ildə vitse-prezidentliyə namizəd kimi seçkilərdə iştirakını etibarsız etdiyi barədə iddialar geniş yayılmağa başlayıb.
Sonradan keçmiş ədliyyə nazirinin müavininin rəhbərlik etdiyi bir qrup fəal ölkənin Ali Məhkəməsinə petisiya ilə müraciət edərək onun vitse-prezident seçkilərində iştirakının ləğvini və tutduğu vəzifədən məhrum edilməsini tələb edib.
