Antalya. Trend:
COP31 iştirakçıları gələcək enerji strategiyalarını formalaşdırarkən bütün enerji mənbələrinin və texnologiyaların rolunu nəzərə almalıdırlar.
Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Heysəm əl-Qeys çərşənbə axşamı Antalyada keçirilən COP31 iqlim konfransı çərçivəsində Trend-ə eksklüziv açıqlamasında bildirib.
Onun sözlərinə görə, bütün enerji növlərindən və texnologiyalardan istifadəni, eləcə də bütün maraqlı tərəflərin prosesə cəlb olunmasını nəzərdə tutan yanaşma strateji əhəmiyyət daşıyır.
"Gələcək yalnız bir enerji mənbəyinə diqqət yetirmək və bununla yanaşı, digər mənbələrin rolunu nəzərə almamaqdan ibarət deyil. Qarşıdakı onilliklərdə dünyaya daha çox elektrik enerjisi lazım olacaq. Belə adlandırılan "Elektrik enerjisi dövrü" infrastrukturun hər yerdə genişləndirilməsini nəzərdə tutur. Bununla belə, logistika və təchizat zəncirləri böyük əksəriyyətlə hələ də neft məhsulları ilə işləyən nəqliyyat vasitələrindən asılıdır", - deyə o qeyd edib.
Baş katib vurğulayıb ki, OPEC-in dəfələrlə qeyd etdiyi kimi, neft və onun emalı məhsulları elektrik şəbəkələrinin elementlərinin istehsalında, texniki xidmətində və quraşdırılmasında mühüm rol oynayır.
"Söhbət kabellərdən, hava elektrik ötürücü xətlərindən, dayaqlardan, transformatorlardan, yarımstansiyalardan və idarəetmə sistemlərindən gedir. Yüksək gərginlikli sualtı kabellərdən istifadənin genişlənməsi ilə əlaqədar xüsusi plastik və polimerlərə tələbat da artacaq", - deyə Heysəm əl-Qeys bildirib.
Onun sözlərinə görə, enerji mənbələri sıfır cəmli oyun prinsipi ilə fəaliyyət göstərmir, yəni bir enerji mənbəyindən istifadənin artması digərindən istifadənin mütləq azalması demək deyil.
“Dünyada enerjiyə artan tələbatı ödəmək, bütün dünyada milyardlarla insanın üzləşdiyi enerji yoxsulluğu problemini həll etmək və enerji təhlükəsizliyini təmin etmək üçün bütün enerji növlərindən istifadə olunması tələb olunacaq”, - deyə o əlavə edib.
Sonda Heysəm əl-Qeys OPEC-in COP31 sədrliyinə dəstəyini bir daha təsdiqləyib və "Bütün enerji növləri dövrü" konsepsiyasının əsas mesajının konfransda iqlim gündəliyi ilə bağlı müzakirələrdə öz əksini tapacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, COP31 Türkiyə ilə Avstraliya arasında tərəfdaşlıq barədə əldə olunmuş razılaşmalar çərçivəsində 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin sədrliyi ilə Antalyada keçirilir. Türkiyə konfransa ev sahibliyi edir, ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum isə COP31-in prezidenti vəzifəsini icra edir. Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen danışıqlar prosesinə rəhbərlik edir.
Konfransın əsas diqqət mərkəzində Paris Sazişinin icrasının sürətləndirilməsi, iqlim maliyyələşməsinin səfərbər edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi və daha "təmiz" enerji mənbələrinə keçidin təşviqi dayanır. Xüsusi diqqət milli iqlim öhdəliklərinin konkret layihə və investisiyalara çevrilməsinə, eləcə də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının nəzərə alınmasına yönəldilir.
COP31 çərçivəsində, həmçinin Kioto Protokolunun Tərəflərinin Konfransının 21-ci sessiyası (CMP21) və Paris Sazişinin Tərəflərinin Konfransının səkkizinci sessiyası (CMA8) keçirilir.
