Bakı. Trend:
Hər bir müstəqil dövlətin mövcudluğu, suverenliyi və demokratik inkişafı onun Əsas Qanununa əsaslanır. Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələ təşkil edən 12 noyabr - Konstitusiya Günü ölkəmizdə hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunun bərqərar olmasının rəmzidir. 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin yarıtmaz siyasəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın, özbaşınalığın yaranmasına gətirib çıxardı. Dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmadı, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmadı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadı. 1993-cü ildə, ölkəmizin ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın gələcək inkişafının prioritetlərini müəyyənləşdirdi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və ölkə həyatının bütün sferalarını əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindəndir. Ümummilli Lider Konstitusiyanın layihəsi hazırlanarkən bu çağırışı etmişdi ki, biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyasının işləyib hazırladığı Əsas Qanunumuz 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumunda qəbul edildi. Seçicilərin 86 faizi səsvermədə iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Ümummilli Lider Heydər Əliyev ilk Konstitusiyanın milli dövlətçilik tariximizdə müstəsna əhəmiyyətini nəzərə alaraq 15 dekabr 1995-ci il tarixli Fərmanı ilə noyabrın 12-sini Azərbaycan Respublikasının Konstitusiyası Günü elan etdi. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin ilk, ümumilikdə isə dövlətçilik tariximizin dördüncü Əsas Qanunudur.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və zəngin mərhələlərdən keçmişdir. 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublika kimi fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində dövlətin Əsas Qanununu qəbul edə bilmədi. Sovet hakimiyyəti illərində qəbul edilən 1921, 1925, 1937 və 1978-ci il konstitusiyaları isə SSRİ-nin vahid ideoloji çərçivəsinə uyğunlaşdırılmış və real suverenlik prinsiplərini əks etdirmirdi. Xüsusi qeyd edilməlidir ki, məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilmişdir. 1978-ci il aprelin 2-də yeni Konstitusiyanın layihəsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına və milli-mənəvi dəyərlərə söykənən mütərəqqi sənəddir. Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiyanın maddələrinin təxminən üçdə biri, 48 maddə bilavasitə insan və vətəndaş hüquqlarının, azadlıqlarının təminatına həsr edilib. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdir. Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin yeganə mənbəyi Azərbaycan xalqıdır və xalq öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi və ümumi seçkilər yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də isə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və həmin il iyulun 18-də Ulu Öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəaliyyətə başladı.
Millət vəkili bildirib ki, cəmiyyətin sürətli sosial-iqtisadi və siyasi inkişafı dövlətimizin Əsas Qanununun da zamanın tələblərinə uyğun təkmilləşdirilməsini zəruri etmişdir. Bu məqsədlə 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumları vasitəsilə Konstitusiyaya mühüm əlavə və dəyişikliklər edilmişdir. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilən konstitusiya islahatları dövlət idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə, vitse-prezidentlik institutunun yaradılmasına və insan hüquqlarının müdafiə mexanizmlərinin daha da gücləndirilməsinə xidmət etmişdir.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan Konstitusiyası tarixinin ən şərəfli dövrünü yaşayır. Uzun illər ərzində işğal altında olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində azad edilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Hazırda Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda tam şəkildə bərqərar olmuşdur. Dövlət başçısı İlham Əliyev ötən il Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, ötən ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Ölkə Prezidentinin bununla bağlı imzaladığı Sərəncamda vurğulandığı kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, Konstitusiya Günü Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolundakı sarsılmaz iradəsinin, milli birliyinin və suveren dövlətçilik dəyərlərinə sədaqətinin təntənəsidir.
