Dublin sammiti və Bakı perspektivi: Azərbaycanın diplomatik uğuru

Siyasət Təhlil 11 Noyabr 2026 18:20 (UTC +04:00)
Dublin sammiti və Bakı perspektivi: Azərbaycanın diplomatik uğuru
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Avropanın geosiyasi mənzərəsinin dəyişdiyi, təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirildiyi, enerji təchizatı və nəqliyyat bağlantılarının dövlətlərin strateji prioritetlərinə çevrildiyi bir dövrdə Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan rolu xüsusi əhəmiyyət kəsb edir.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 9-cu Sammiti də məhz bu baxımdan diqqət çəkir. Təxminən 50 dövlət və hökumət başçısını, eləcə də aparıcı Avropa və beynəlxalq institutların rəhbərlərini bir araya gətirəcək toplantı Azərbaycanın Avropa ilə münasibətlərində yeni diplomatik imkanlar yaratmaqla yanaşı, ölkəmizin 2028-ci ildə Bakıda keçiriləcək ASB Sammitinə ev sahibliyi edəcək dövlət kimi mövqeyini də ön plana çıxarır.

Azərbaycanın bu platformadakı iştirakı yalnız beynəlxalq tədbirlərdə təmsilçilik məsələsi deyil; bu, milli maraqların müdafiəsi, regional təşəbbüslərin təqdimatı, enerji və nəqliyyat təhlükəsizliyinə töhfələrin nümayişi, eləcə də Avropanın gələcək siyasi və iqtisadi gündəliyinin formalaşmasında söz sahibi olmaq baxımından mühüm diplomatik istiqamətdir.

Avropa Siyasi Birliyi: qitənin ortaq problemləri ətrafında formalaşan yeni siyasi dialoq məkanı

Avropa Siyasi Birliyinin yaranması Avropanın təhlükəsizlik və siyasi koordinasiya ehtiyaclarının kəskinləşdiyi bir mərhələyə təsadüf edir. Platformanın əsası 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada qoyulub. Qeyri-rəsmi hökumətlərarası siyasi dialoq formatı kimi fəaliyyət göstərən ASB bütün Avropa İttifaqı üzvlərini, eləcə də daha geniş Avropa coğrafiyasına daxil olan dövlətləri vahid müzakirə məkanında birləşdirir. Sammitlərdə dövlət və hökumət başçıları ilə yanaşı, Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının, Avropa Parlamentinin və digər çoxtərəfli qurumların rəhbərləri də iştirak edirlər.

ASB-nin əsas missiyası dövlətlər arasında siyasi təmasları intensivləşdirmək, qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı genişləndirmək, Avropa qitəsində təhlükəsizliyin, sabitliyin və rifahın möhkəmləndirilməsinə töhfə verməkdir. Bununla yanaşı, platforma Avropa İttifaqının üzvü olmayan ölkələrlə Aİ arasında siyasi və praktiki mübadilə üçün əlavə imkanlar yaradır. Burada mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: ASB nə mövcud beynəlxalq təşkilatların fəaliyyətini əvəz edir, nə də Avropa İttifaqına üzvlük mexanizmlərinə alternativ rolunu oynayır. Onun mahiyyəti müxtəlif siyasi statusa malik Avropa dövlətlərinin bərabər səviyyədə dialoq aparmasına şərait yaratmaqdır. Bu xüsusiyyət platformanı qitənin institusional sərhədlərindən daha geniş siyasi məkan kimi səciyyələndirir.

2023-cü ildən etibarən sammitlərin ildə iki dəfə, Avropa İttifaqına üzv olan və olmayan ölkələrdə növbəli şəkildə keçirilməsi formatın coğrafi və siyasi əhatəsini genişləndirib. İndiyədək təşkil olunmuş səkkiz toplantının hər biri fərqli beynəlxalq şəraitdə baş tutsa da, onların gündəliyində təhlükəsizlik, iqtisadi dayanıqlılıq, enerji, nəqliyyat, miqrasiya və regional əməkdaşlıq məsələləri əsas yer tutub. Bu ardıcıllıq Azərbaycanın da platformada iştirakı üçün geniş siyasi imkanlar yaradıb.

Səkkiz sammitin təcrübəsi: Azərbaycanın Avropa dialoqundakı ardıcıl iştirakı

ASB-nin 6 oktyabr 2022-ci ildə Praqada keçirilən ilk sammiti 44 ölkənin dövlət və hökumət başçısını bir araya gətirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantı çərçivəsində Avropa qitəsində sülh və təhlükəsizlik mövzusuna həsr olunan dəyirmi masada iştirak edib. İlk görüşün müzakirələri sülh və təhlükəsizliklə məhdudlaşmayıb, iqtisadi vəziyyət, enerji, iqlim, miqrasiya və insanların sərbəst hərəkəti kimi məsələləri də əhatə edib. Bununla da platformanın sonrakı fəaliyyətinin əsas istiqamətləri müəyyənləşib.

2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində baş tutan ikinci sammitə 45 ölkənin lideri qatılıb. Prezident İlham Əliyev bu dəfə enerji təhlükəsizliyi mövzusundakı dəyirmi masada təmsil olunub. Müzakirələrin mərkəzində Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət, enerji dayanıqlılığının gücləndirilməsi, nəqliyyat və hərəkətlilik məsələləri dayanıb. Bu toplantı Azərbaycanın enerji sahəsində Avropa üçün əhəmiyyətli tərəfdaş kimi mövqeyinin təqdim edilməsi baxımından da vacib platforma olub.

Həmin ilin oktyabrında İspaniyanın Qranada şəhərində təşkil edilən üçüncü sammitdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Liderlər Avropanın daha dayanıqlı və firavan inkişafına nail olmaq, qitənin qlobal proseslərdə strateji mövqeyini gücləndirmək yollarını müzakirə ediblər. Bu mərhələdə ASB-nin gündəliyi artıq yalnız mövcud böhranların aradan qaldırılması ilə məhdudlaşmır, Avropanın uzunmüddətli geosiyasi və iqtisadi perspektivlərini də əhatə edirdi.

2024-cü ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilən dördüncü sammitə 43 ölkənin lideri qatılıb. Prezident İlham Əliyev tədbirin enerji və bağlantı məsələlərinə həsr olunmuş dəyirmi masasında iştirak edib. Enerji, təhlükəsizlik və miqrasiya mövzuları toplantının əsas müzakirə istiqamətlərini təşkil edib. Azərbaycanın bu müzakirələrdə təmsil olunması ölkəmizin enerji resursları və tranzit imkanlarının Avropa üçün əhəmiyyətini bir daha gündəmə gətirmək baxımından xüsusi önəm daşıyıb.

2024-cü ilin noyabrında Macarıstanın paytaxtı Budapeştdə keçirilən beşinci sammitdə 42 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Avropanın təhlükəsizlik problemləri, qeyri-qanuni miqrasiya, enerji təminatı, nəqliyyat, informasiya texnologiyaları və iqtisadi təhlükəsizlik liderlərin müzakirə etdiyi əsas məsələlər olub. Bu mövzuların bir gündəmdə birləşməsi müasir Avropanın təhlükəsizlik anlayışının artıq hərbi-siyasi sahə ilə məhdudlaşmadığını, iqtisadiyyatın, texnologiyanın və infrastrukturun da ümumi təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrildiyini göstərib.

2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada təşkil edilən altıncı sammitdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Prezident İlham Əliyev açılış plenar sessiyasına qatılıb. İnnovasiyaların inkişafı, enerji və sənayedə davamlılıq, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsi və miqrasiya məsələləri toplantının əsas müzakirə mövzuları olub.

2025-ci ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə keçirilən yeddinci sammit də təxminən 50 ölkənin liderini bir araya gətirib. Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə Avropanın ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhdidlər müzakirə edilib. Bu görüşün gündəliyi Avropa dövlətlərinin qarşılaşdığı təhlükələrin şaxələndiyini və onların həlli üçün siyasi koordinasiyanın vacibliyini bir daha nümayiş etdirib.

ASB-nin səkkizinci sammiti isə 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvanda keçirilib. Prezident İlham Əliyev toplantıya videobağlantı vasitəsilə qoşularaq çıxış edib. Bu iştirak formatı Azərbaycanın platformadakı təmsilçiliyinin davamlılığını təmin etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq məsələlər üzrə mövqeyini ən yüksək siyasi səviyyədə ifadə etməsinə imkan yaradıb. Məhz həmin toplantıda Azərbaycanın 2028-ci ildə ASB Sammitinə ev sahibliyi etməsi ilə bağlı təklifin qəbul olunması da ölkəmizin diplomatik fəaliyyəti baxımından mühüm nəticə olub.

Beləliklə, Praqadan İrəvana qədər keçirilən səkkiz sammit Azərbaycanın Avropa siyasi məkanında ardıcıl iştirakını, ölkə rəhbərliyinin qitənin aktual problemlərinə dair müzakirələrdə birbaşa təmsilçiliyini və milli maraqların beynəlxalq səviyyədə müdafiəsi istiqamətində diplomatik fəaliyyətini nümayiş etdirir.

Dublin gündəliyi: enerji, bağlantılar və demokratik təhlükəsizlik

Noyabrın 12-də Dublində keçiriləcək doqquzuncu sammitin ümumi mövzusu “Avropa – güclü, təhlükəsiz və əlaqəli” olacaq. Tədbirdə təxminən 50 dövlət və hökumət başçısının, eləcə də aparıcı Avropa və beynəlxalq institutların rəhbərlərinin iştirakı gözlənilir. Avropa İttifaqı Şurasının rəsmi məlumatına əsasən, toplantıya 48 dövlət və hökumət başçısı dəvət edilib. Bu göstərici sammitin geniş siyasi təmsilçilik imkanlarını və Avropa qitəsinin ümumi problemlərinə verilən əhəmiyyəti göstərir.

Dublin görüşünün gündəliyi iki əsas istiqamət üzrə formalaşdırılıb. Birinci dəyirmi masa “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusuna həsr ediləcək. Burada sürətlə inkişaf edən texnologiyalar da daxil olmaqla innovasiyaların təşviqi, Avropa boyunca nəqliyyat və digər bağlantı imkanlarının təkmilləşdirilməsi, enerji təchizatının etibarlılığı və qiymətlərin əlçatan olması müzakirə ediləcək.

İkinci dəyirmi masanın mövzusu “Demokratik Avropanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi” olacaq. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada hibrid və kiber təhdidlərin artması, demokratik institutların və dəyərlərin qorunması müzakirələrin əsas istiqamətlərini təşkil edəcək.

Bu gündəliyin məzmunu Azərbaycanın strateji maraqları ilə birbaşa səsləşir. Çünki ölkəmiz enerji təhlükəsizliyi və beynəlxalq bağlantılar sahəsində yalnız müzakirələr aparan tərəf deyil, artıq genişmiqyaslı layihələr reallaşdıran, regional və qitələrarası əməkdaşlığa real töhfə verən dövlətdir. Azərbaycanın Dublin sammitində iştirakı məhz bu təcrübənin Avropa liderləri səviyyəsində təqdim olunması üçün əlverişli imkan yaradır.

Avropanın rəqabətqabiliyyətliliyindən danışarkən enerji təminatını ayrıca nəzərdən keçirmək mümkün deyil. Sənayenin inkişafı, texnoloji yeniliklərin tətbiqi, nəqliyyat sistemlərinin fəaliyyəti və iqtisadi artım birbaşa etibarlı enerji mənbələrindən asılıdır. Enerji resurslarının qiyməti və təchizat marşrutlarının təhlükəsizliyi də Avropa dövlətlərinin iqtisadi qərarlarına təsir göstərən əsas amillərdəndir. Bu mənada Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təkcə ikitərəfli iqtisadi münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Ölkəmiz qitənin enerji mənbələrinin və təchizat istiqamətlərinin şaxələndirilməsində mühüm tərəfdaşdır.

Cənub Qaz Dəhlizi və Orta Dəhliz: Azərbaycanın strateji üstünlüyü

Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının ən mühüm istiqamətlərindən biri Cənub Qaz Dəhlizidir. Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropa bazarlarına çatdıran bu infrastruktur layihəsi ölkəmizin beynəlxalq enerji sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması Avropaya alternativ qaz təchizatı marşrutlarının yaradılması baxımından mühüm nəticədir. Avropa Komissiyasının məlumatlarına görə, 3 500 kilometr uzunluğunda olan bu sistem Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən ibarətdir. Dəhliz vasitəsilə Şahdəniz yatağından hasil edilən təbii qaz Azərbaycan və Gürcüstandan Türkiyəyə, oradan isə Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən İtaliyaya çatdırılır. Bolqarıstan və Balkan-Dunay regionuna çıxış da müvafiq bağlantılar vasitəsilə təmin olunur.

Bu layihənin əhəmiyyəti Avropanın enerji mənbələrindən asılılığını azaltmaq və təchizat marşrutlarını şaxələndirmək siyasəti ilə uzlaşır. Azərbaycanın qaz ixracı Avropa bazarının enerji təhlükəsizliyinə praktiki töhfə verir. Deməli, ölkəmizin Dublin sammitində enerji məsələlərinə dair müzakirələrdə iştirakı yalnız gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi deyil, artıq formalaşmış strateji tərəfdaşlığın təqdimatıdır.

Azərbaycanın geostrateji əhəmiyyətini artıran digər mühüm istiqamət Orta Dəhlizdir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu nəqliyyat marşrutu qitələrarası ticarətin inkişafında mühüm rol oynayır. Xəzər üzərindən həyata keçirilən daşımalar, müasir liman infrastrukturu, dəmir yolları və avtomobil nəqliyyatı imkanları ölkəmizi Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir.

Bakı-Tbilisi-Qars dəmir yolu və digər nəqliyyat-logistika layihələri bu bağlantıların rəqabətqabiliyyətliliyini artırır. Azərbaycanın coğrafi mövqeyi burada mühüm üstünlük yaratsa da, ölkəmizin tranzit potensialını müəyyən edən əsas amil yalnız coğrafiya deyil. Son illərdə yaradılmış infrastruktur, həyata keçirilən investisiyalar və beynəlxalq tərəfdaşlarla qurulan əməkdaşlıq bu üstünlüyü real iqtisadi imkanlara çevirib.

Bu baxımdan, Dublin sammitində Avropa boyunca bağlantıların yaxşılaşdırılması məsələsinin müzakirəyə çıxarılması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Avropanın Asiya bazarlarına çıxış imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin etibarlılığının artırılması və alternativ nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın regional təşəbbüsləri ilə üst-üstə düşür. Ölkəmiz bu prosesdə sadəcə tranzit ərazisi deyil, müxtəlif iqtisadi və nəqliyyat sistemlərini birləşdirən, əməkdaşlığın genişlənməsinə şərait yaradan müstəqil tərəfdaşdır.

Əslində, enerji və nəqliyyat istiqamətlərinin eyni sammitdə müzakirə olunması müasir beynəlxalq münasibətlərin mühüm reallığını ortaya qoyur: iqtisadi güc və siyasi nüfuz getdikcə daha çox dövlətlərin yaratdığı bağlantıların miqyası, enerji təminatına verdiyi töhfə və regional sabitlikdə oynadığı rolla ölçülür. Azərbaycan bu sahələrdə əldə etdiyi nəticələrlə Avropanın strateji maraqlarına xidmət edən etibarlı tərəfdaş statusunu möhkəmləndirir.

Regional sülh və təhlükəsizlik: Azərbaycanın prinsipial mövqeyi

Dublin sammitinin ikinci əsas istiqaməti demokratik Avropanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, hibrid və kiber təhdidlər, demokratik institutların qorunması kimi məsələlər Avropanın gələcək təhlükəsizlik arxitekturası üçün ciddi əhəmiyyət daşıyır. Lakin təhlükəsizlik anlayışının mahiyyəti yalnız hərbi imkanlarla ölçülməməlidir. Dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyünün qorunması, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması da dayanıqlı təhlükəsizlik sisteminin əsas şərtləridir.

Azərbaycanın beynəlxalq münasibətlərdə müdafiə etdiyi mövqenin əsasında məhz bu prinsiplər dayanır. Ölkəmiz uzun illər ərazi bütövlüyü və suverenlik hüququnun təmin olunması məsələsini beynəlxalq platformalarda gündəmdə saxlayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn fundamental prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirib. Bu təcrübə ölkəmizə təhlükəsizlik, suverenlik və regional sabitlik mövzularında öz mövqeyini prinsipial şəkildə ifadə etmək üçün ciddi siyasi əsas verir.

Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi də Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindəndir. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması regionun gələcək inkişafı üçün yeni imkanlar açır. İrəvanda keçirilən səkkizinci sammitdə Prezident İlham Əliyevin videobağlantı vasitəsilə iştirakı, eləcə də Azərbaycanın növbəti sammitlərdən birinə ev sahibliyi etmək təklifinin qəbul olunması bu baxımdan xüsusi siyasi məna daşıyır.

Azərbaycanın 2028-ci ildə ASB Sammitinə ev sahibliyi edəcək ölkə kimi seçilməsi regionda dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Bu qərar Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakının və regional proseslərdə artan rolunun göstəricisidir. Eyni zamanda, Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi sülh gündəliyinin siyasi və diplomatik müstəvidə irəliləməsi baxımından diqqətəlayiq məqamdır.

Bakı – beynəlxalq diplomatiyanın yeni mərkəzlərindən biri

Azərbaycanın ASB-nin 12-ci Sammitinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyada artan rolunun mühüm göstəricisidir. Dövlətlərin yekdil dəstəyi ilə qəbul edilmiş bu qərar Azərbaycanın yalnız platformanın iştirakçısı deyil, həm də onun gələcək fəaliyyətinin təşkilində məsuliyyət daşıyan əsas tərəflərdən biri olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev 4 may 2026-cı ildə ASB-nin İrəvanda keçirilən səkkizinci sammitinə videobağlantı vasitəsilə müraciət edərkən 2028-ci ilin mayında keçiriləcək toplantıya Azərbaycanın ev sahibliyi etməsi təklifinin qəbul olunduğunu açıqlayıb və iştirakçıları ölkəmizə dəvət edib. Bu qərar Azərbaycanın Avropa dövlətləri ilə siyasi dialoqunun yeni mərhələyə yüksəlməsi üçün mühüm imkan yaradır.

Burada diqqət çəkən əsas məqam Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarının müxtəlif coğrafiyaları və siyasi platformaları əhatə etməsidir. Ölkəmiz həm Avropa, həm Asiya, həm də İslam dünyasının çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirak edir. Bu, xarici siyasətin çoxşaxəli xarakterini, müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasına verilən önəmi göstərir.

2026-cı ildə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitinə ev sahibliyi etməsi bu istiqamətdə mühüm nailiyyətlərdən biridir. Oktyabrın 15-də Bakıda keçirilən AQEM-in yeddinci sammiti təşkilatın üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirib. Azərbaycanın sədrliyinin üzv ölkələrin yekdil dəstəyi ilə daha iki il – 2028-ci ilədək uzadılması isə ölkəmizə göstərilən etimadın konkret ifadəsidir. Bu qərar Azərbaycanın Asiyada dialoq, etimad və əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin nəticəsidir.

Digər mühüm hadisə 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının Bakıda keçirilməsidir. Azərbaycan həmin toplantıya ev sahibliyi etməklə yanaşı, təşkilata üçillik sədrlik də həyata keçirəcək. Təxminən 60 ölkəni birləşdirən İƏT-in bu mühüm toplantısının Bakıda təşkili ölkəmizin İslam dünyasında siyasi və diplomatik mövqeyinin güclənməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və iqtisadi əməkdaşlığın inkişafına verdiyi töhfələrin göstəricisidir.

Beləliklə, 2026-cı ildə AQEM Sammitinin Bakıda keçirilməsi və təşkilata sədrliyin 2028-ci ilədək uzadılması, 2027-ci ildə İƏT-in 16-cı Zirvə toplantısının ölkəmizdə təşkili və təşkilata üçillik sədrliyin həyata keçirilməsi, 2028-ci ildə isə ASB-nin sammitinin Bakıda baş tutması Azərbaycanın beynəlxalq diplomatiyada artan çəkisini nümayiş etdirən bir-biri ilə əlaqəli hadisələrdir. Bu ardıcıllıq təsadüfi diplomatik uğurlar toplusu deyil. Onun arxasında müstəqil xarici siyasət, beynəlxalq tərəfdaşlarla ardıcıl əməkdaşlıq və çoxtərəfli platformalarda təşəbbüskar mövqe dayanır.

Dublin sammitindən Bakı toplantısına: Azərbaycanın qarşısında duran diplomatik vəzifələr

Prezident İlham Əliyevin ASB-nin əvvəlki sammitlərində iştirakı və bu tədbirlər çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər ölkəmizin Avropa siyasi məkanında fəal təmsilçiliyini təsdiqləyir. Həmin görüşlər Azərbaycanın milli maraqlarının, Cənubi Qafqazda sülh və təhlükəsizliklə bağlı mövqeyinin, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrin, regional əməkdaşlıq təşəbbüslərinin birbaşa Avropa liderlərinin diqqətinə çatdırılmasına imkan verib.

Dublin sammiti də bu baxımdan yeni diplomatik təmaslar və siyasi müzakirələr üçün əhəmiyyətli platformadır. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri, Şərq-Qərb nəqliyyat bağlantılarındakı rolunu və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması istiqamətindəki mövqeyini ardıcıl şəkildə təqdim etməkdir. Eyni zamanda, ölkəmizin 2028-ci ildə keçiriləcək toplantıya ev sahibliyi edəcəyi nəzərə alınaraq Dublin görüşü gələcək sammitin təşkilati və siyasi gündəliyinin formalaşdırılması üçün də mühüm əhəmiyyət daşıyır.

Növbəti mərhələdə, 2027-ci ilin aprelində İsveçrənin Sürix şəhərində ASB-nin 10-cu sammitinin keçirilməsi nəzərdə tutulur. Bu ardıcıllıq 2028-ci ildə Bakıda baş tutacaq 12-ci toplantıya qədər platformanın siyasi gündəliyinin inkişafını izləmək və ev sahibi ölkə kimi Azərbaycanın hazırlıq prosesini mərhələli şəkildə həyata keçirmək baxımından vacibdir.

Azərbaycanın bu platformadakı fəaliyyəti göstərir ki, ölkəmiz beynəlxalq münasibətlər sistemində yalnız regional proseslərin iştirakçısı kimi çıxış etmir. Bakı həm də müxtəlif coğrafiyaları, iqtisadi maraqları və siyasi baxışları bir araya gətirən dialoq məkanına çevrilmək potensialına malikdir. Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi, enerji və nəqliyyat infrastrukturu, müstəqil xarici siyasəti və beynəlxalq təşkilatlarda artan nüfuzu Azərbaycanın bu rolunu gücləndirən əsas amillərdir.

Nəticə etibarilə, noyabrın 12-də Dublində keçiriləcək sammit Azərbaycanın beynəlxalq diplomatik fəaliyyətində növbəti mühüm mərhələ olacaq. Ölkəmiz bu toplantıda Avropanın təhlükəsizlik, enerji, innovasiya və bağlantılarla bağlı gələcək prioritetlərinin müzakirəsində iştirak etməklə yanaşı, 2028-ci ildə Bakıda təşkil olunacaq sammitə aparan siyasi prosesin də fəal iştirakçısı kimi çıxış edəcək. Azərbaycanın qarşıdakı dövrdə həm AQEM, həm İƏT, həm də ASB çərçivəsində üzərinə götürdüyü məsuliyyətlər ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Ən mühüm nəticə isə ondan ibarətdir ki, Azərbaycan artıq müxtəlif beynəlxalq platformalarda qəbul edilən qərarları izləyən və onlara münasibət bildirən dövlət olmaqla kifayətlənmir. Ölkəmiz təşəbbüslər irəli sürür, beynəlxalq tədbirlərə ev sahibliyi edir, çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verir və öz strateji prioritetlərini qlobal siyasi gündəliyə çıxarır. Dublin sammiti bu siyasətin növbəti təzahürü, Bakı Sammiti isə Azərbaycanın artan beynəlxalq nüfuzunun daha geniş miqyasda nümayişi üçün mühüm fürsət olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti