Bakı. Trend:
Özbəkistan iqlim layihələrinin maliyyələşdirilməsinə çıxış imkanlarının genişləndirilməsi və investisiyaların əlaqələndirilməsi məqsədilə Mərkəzi Asiyanın beş ölkəsi və beş beynəlxalq iqlim fondunun iştirakı ilə regional iqlim maliyyələşdirilməsi dialoqunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Təşəbbüs noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilən yüksək səviyyəli dialoq zamanı təqdim olunub.
Bu barədə Özbəkistanın Ekologiya və İqlim Dəyişmələri üzrə Milli Komitəsi məlumat yayıb.
Bildirilib ki, təşəbbüslə Özbəkistan Prezidentinin ekologiya məsələləri üzrə müşaviri, Ekologiya və İqlim Dəyişmələri üzrə Milli Komitənin sədri Əziz Abduxakimov çıxış edib.
Təklif olunan Mərkəzi Asiya İqlim Maliyyələşdirilməsi Dialoqu “5+5” formatında fəaliyyət göstərəcək. Platforma Mərkəzi Asiyanın beş ölkəsinin nümayəndələrini və beş beynəlxalq iqlim fondunu bir araya gətirəcək. Bunlar Uyğunlaşma Fondu (Adaptation Fund), İqlim İnvestisiyaları Fondları (Climate Investment Funds), İtki və Zərərlərə Cavab Fondu (Fund for Responding to Loss and Damage), Qlobal Ekologiya Fondu (Global Environment Facility) və Yaşıl İqlim Fondu (Green Climate Fund) olacaq.
Platforma investisiya prioritetlərinin uzlaşdırılmasına, layihələr portfellərinin əlaqələndirilməsinə və müxtəlif qurumların maliyyələşdirmə fəaliyyətlərinin bir-birini tamamlamasına yönələcək. Bu, artıq həyata keçirilən təşəbbüslərin təkrarlanmasının qarşısını almağa imkan verəcək. Özbəkistan dialoqun ilk görüşünün 2027-ci ildə Daşkənddə keçirilməsini təklif edib.
Abduxakimov vurğulayıb ki, iqlim maliyyələşdirilməsinin səmərəliliyi yalnız cəlb olunan vəsaitlərin həcmindən deyil, həm də bir-biri ilə əlaqəli ekoloji və iqlim problemlərinin həlli üçün investisiyaların əlaqələndirilməsindən asılıdır.
O, kompleks yanaşma tələb edən əraziyə nümunə kimi Aralətrafı bölgəni göstərib. Onun sözlərinə görə, burada erkən xəbərdarlıq sistemlərinin yaradılması, suya qənaət edən kənd təsərrüfatının inkişafı, ekosistemlərin bərpası, dayanıqlı infrastrukturun qurulması, eləcə də yerli əhalinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması imkanlarının yaradılması zəruridir.
Bundan əlavə, Özbəkistan iqlim məlumatlarının və proqnozlarının uzunmüddətli investisiya planlaşdırılmasına inteqrasiyasını nəzərdə tutan ikinci təşəbbüslə də çıxış edib.
Bu yanaşma kənd təsərrüfatı fəaliyyətinin, suvarma sistemlərinin, infrastrukturun, bərpaolunan enerji layihələrinin və ekosistemlərin bərpası üzrə layihələrin planlaşdırılması zamanı su ehtiyatlarının əlçatanlığı, quraqlıqlar, ekstremal istilər, buzlaqların geri çəkilməsi, eləcə də qum və toz fırtınaları ilə bağlı proqnozların əsas götürülməsini nəzərdə tutur.
Təklif olunan mexanizm çərçivəsində iqlim məlumatlarından və erkən xəbərdarlıq sistemlərindən risklərin qiymətləndirilməsi və investisiya qərarlarının qəbul edilməsi zamanı istifadə olunacaq. Bu, iqlim dəyişmələrinə davamlılığı artırmağa və dayanıqlı inkişafı dəstəkləməyə imkan verəcək.
Beş iqlim fondu müvafiq maliyyə alətlərindən istifadə etməklə və Ümumdünya Meteorologiya Təşkilatı da daxil olmaqla elmi təşkilatlarla əməkdaşlıq edərək təşəbbüslərin müxtəlif mərhələlərində iştirak edə biləcək.
Dialoqda beş beynəlxalq iqlim fondunun rəhbərləri, həmçinin donor ölkələrin və maliyyələşdirmə alan ölkələrin nümayəndələri iştirak ediblər. Müzakirələr iqlim maliyyələşdirilməsi institutları arasında koordinasiyanın təkmilləşdirilməsinə, inkişaf etməkdə olan ölkələrin maliyyə resurslarına çıxışının asanlaşdırılmasına və iqlim investisiyalarının səmərəliliyinin artırılmasına həsr olunub.
Bundan əlavə, Özbəkistan investisiyalar üzrə əlaqələndirilmiş regional yanaşmanın hazırlanmasına və iqlim dəyişmələrinin nəticələrinə ən həssas ərazilərdə pilot layihələrin həyata keçirilməsinə çağırıb.
Vurğulanıb ki, iqlim maliyyələşdirilməsinin səmərəliliyi yalnız təsdiqlənmiş layihələrin sayı və ya cəlb olunmuş vəsaitlərin həcmi ilə deyil, həm də su ehtiyatlarına qənaət, torpaqların bərpası, əhalinin həyat şəraitinin yaxşılaşdırılması və yerli icmaların iqlim çağırışlarına davamlılığının artırılması kimi konkret nəticələrlə qiymətləndirilməlidir.
