Bakı. Trend:
Qazaxıstan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Türkiyənin Antalya şəhərində ölkənin Milli Pavilyonunda Milli İqlim İnvestisiyaları Platformasının (QCIP) konsepsiyasını təqdim edib. Bu platforma iqlim təşəbbüslərinin əlaqələndirilməsi və maliyyələşmənin cəlb edilməsi üzrə milli mexanizmdir.
Bu barədə Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi məlumat yayıb.
Platformanın prioritet iqlim layihələri portfelinin formalaşdırılması, onların investisiya cəlbediciliyinin artırılması, eləcə də yerli və beynəlxalq kapitalın cəlb edilməsi məqsədi daşıdığı bildirilib.
QCIP Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Nazirlik milli səlahiyyətli orqan kimi çıxış edəcək. Platformanın katibliyi isə Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzinin bazasında fəaliyyət göstərəcək.
Platforma iqtisadiyyatın bütün sektorlarını əhatə edəcək və səylərin əlaqələndirilməsi, investisiyaların cəlb edilməsi üçün prioritet təşəbbüslərin hazırlanması və maliyyələşmənin səfərbər olunması məqsədilə dövlət qurumlarını, beynəlxalq maliyyə institutlarını, iqlim fondlarını, investorları və layihə hazırlayan tərəfləri bir araya gətirəcək.
QCIP-in sahəvi komponentlərindən biri Qazaxıstanın Ədalətli Enerji Keçidi üzrə İnvestisiya Platforması (QaJET) olacaq. Bu platforma Energetika Nazirliyi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə hazırlanıb.
Onun məqsədi 2035-ci ilədək bərpaolunan enerji istehsalı güclərinin ən azı 10 giqavat (QVt) artırılmasına, həmçinin elektrik şəbəkələrinin modernləşdirilməsinə, enerji saxlama sistemlərinin inkişafına və son istehlakçıların elektrik enerjisinə keçidinə dəstək verməkdir.
Tədbir çərçivəsində iki memorandum imzalanıb.
Birinci memorandum QCIP çərçivəsində Beynəlxalq Yaşıl Texnologiyalar və İnvestisiya Layihələri Mərkəzi ilə Qazaxıstanın İnkişaf Bankı arasında əməkdaşlığı nəzərdə tutur.
İkinci memorandum Qazaxıstanın Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AYİB-in rəhbərlik etdiyi QaJET tərəfdaşları arasında tərəfdaşlığı təsbit edir. Memorandumun imzalanması sahəvi platformanın rəsmi fəaliyyətə başlamasını rəsmiləşdirib.
QCIP-in fəaliyyətə başlaması investisiya layihələri vasitəsilə Qazaxıstanın iqlim öhdəliklərinin praktiki icrasına, beynəlxalq tərəfdaşlığın genişləndirilməsinə və ölkənin aşağı karbonlu iqtisadiyyata keçidi üçün özəl kapitalın cəlb edilməsinə doğru atılan addım olacaq.
