Bakı. Trend:
Özbəkistan Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizədə regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş iqlim inteqrasiyası modelinin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP31) 31-ci sessiyasında çıxışı zamanı bildirib.
Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Mirziyoyev region ölkələrinin buzlaqların əriməsi, su çatışmazlığı və kəskin quraqlıqlar da daxil olmaqla, artan iqlim təhdidləri ilə üzləşdiyini qeyd edib. Onun sözlərinə görə, bu ümumi çağırışlar Mərkəzi Asiya dövlətlərinin birgə fəaliyyətini tələb edir.
Prezident iqlim inteqrasiyasının üç əsas istiqamət üzrə inkişaf etdirilməsini təklif edib: informasiya, texnologiya və maliyyə.
Birinci istiqamət çərçivəsində Özbəkistan Ümumdünya Meteorologiya Təşkilatının dəstəyi ilə iqlim riskləri haqqında məlumat mübadiləsi infrastrukturunun yaradılmasına başlamağı təklif edir.
İlkin mərhələdə təbii fəlakətlərə operativ reaksiya vermək üçün erkən xəbərdarlıq sisteminin qurulması nəzərdə tutulur. Növbəti mərhələdə isə tədricən inkişaf edən təbii fəlakətlərin birgə monitorinqi üçün ümumi göstəricilərin və mexanizmlərin formalaşdırılması planlaşdırılır.
İkinci istiqamət torpaqların bərpası, quraq ərazilərdə karbonun udulması və toz-qum fırtınaları ilə mübarizə üçün tətbiq oluna biləcək təbiətə uyğun texnologiyaların inkişafını nəzərdə tutur.
Bu baxımdan Mirziyoyev qabaqcıl təcrübələrin və perspektivli ekoloji innovasiyaların təqdim olunduğu illik ECO-EXPO sərgisini qeyd edib. Özbəkistan sərgini regionun xüsusiyyətlərini nəzərə almaqla müasir ekoloji həllərin təşviqi üçün daimi investisiya-texnologiya platformasına çevirmək niyyətindədir.
Prezident üçüncü istiqamət kimi iqlim layihələrinin maliyyələşdirilməsini göstərib. Onun sözlərinə görə, Mərkəzi Asiyaya yerli şərait və ehtiyacları nəzərə alan kifayət qədər və proqnozlaşdırıla bilən maliyyə resursları lazımdır.
“İnkişaf bankları və məqsədli fondlarla güzəştli qrantlar, eləcə də “mavi” və “arid” maliyyələşdirmə mexanizmləri də daxil olmaqla, yeni dəstək alətlərinin hazırlanmasını təklif edirik”, – deyə Mirziyoyev bildirib.
O, COP31-də iştirak edən ölkələri və beynəlxalq təşkilatları təşəbbüsü dəstəkləməyə və onu konkret praktiki məzmunla zənginləşdirməyə çağırıb. Prezident, həmçinin bu modelin analoji əməkdaşlıqda maraqlı olan dünyanın digər regionlarında da tətbiqini təklif edib.
Mirziyoyev vurğulayıb ki, heç bir ölkə iqlim dəyişikliyi problemlərini təkbaşına həll edə bilməz, ona görə də regional və beynəlxalq səviyyələrdə səylərin birləşdirilməsi xüsusilə vacibdir.
