Türkmənistanın regional iqlim mərkəzi 2027-ci ildən fəaliyyətə başlayacaq

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 11:09 (UTC +04:00)
Türkmənistanın regional iqlim mərkəzi 2027-ci ildən fəaliyyətə başlayacaq
Fuad Namazov
Fuad Namazov
Jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə bağlı texnologiyalar üzrə Regional Mərkəzin 2027-ci ilin əvvəlində fəaliyyətə başlaması planlaşdırılır.

Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu barədə noyabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

Berdiməhəmmədov qeyd edib ki, mərkəz Türkmənistanın təşəbbüsü ilə yaradılır və bu təşəbbüs region ölkələri, eləcə də beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənib. Mərkəzin fəaliyyəti razılaşdırılmış təşkilati-hüquqi mexanizmlərə və beynəlxalq standartlara uyğun olaraq Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.

O, həmçinin Türkmənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiq olduğunu vurğulayıb. Ölkənin səyləri istixana qazı emissiyalarının azaldılmasına, enerji səmərəliliyinin artırılmasına və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə yönəlib.

"Bu, istixana qazı emissiyalarının azaldılmasına və enerji səmərəliliyinin artırılmasına yönəlib, eyni zamanda müasir ekoloji cəhətdən təmiz texnologiyaların geniş tətbiqinə hesablanmış konkret tədbirlərlə dəstəklənir", - deyə Berdiməhəmmədov bildirib.

Bu kontekstdə o, Qlobal Metan Öhdəliyinin həyata keçirilməsini xüsusi qeyd edib. Onun sözlərinə görə, ölkədə milli enerji təchizatı sisteminin modernləşdirilməsi, təbii qaz itkilərinin azaldılması və emissiyaların monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Xalq Məsləhətinin sədri səhralaşmanı Mərkəzi Asiyanın əsas problemlərindən biri kimi xarakterizə edib və BMT-nin ixtisaslaşmış qurumlarının dəstəyi ilə əlaqələndirilmiş regional tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.

O bildirib ki, Türkmənistan Mərkəzi Asiya ölkələri üçün Səhralaşma ilə Mübarizə üzrə Regional Mərkəzin yaradılması təşəbbüsünü irəli sürmək məqsədilə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının katibliyi və maraqlı beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

Bundan əlavə, Berdiməhəmmədov Türkmənistanın İqlim Dəyişmələri üzrə Dördüncü Milli Məlumatı hazırladığını və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfənin yenilənmiş üçüncü versiyası üzərində işi başa çatdırdığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti