Bakı.Trend:
Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyası (FIATA) multimodal nəqliyyat dəhlizləri üzrə yükdaşımaların qiymətləndirilməsi və təşkili ilə bağlı praktiki təlimat dərc edib. Hazırlanmış metodologiyanın tətbiqinə dair ilk nümunə kimi Orta Dəhliz seçilib.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatına görə, təlimat ekspeditor şirkətləri üçün nəzərdə tutulub və onlara daşımaların həyata keçirilməsinin praktiki şərtlərini nəzərə almaqla nəqliyyat marşrutlarını qiymətləndirməyə kömək etmək məqsədi daşıyır.
Nəşrdə qeyd olunur ki, geosiyasi dəyişikliklər və strateji ticarət marşrutlarının fəaliyyətində yaranan fasilələr təchizat zəncirlərinin transformasiyasına səbəb olub. Bununla yanaşı, nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrdə əsas diqqət çox vaxt infrastruktura, dövlət siyasətinə və investisiyalara yönəldilir, yükdaşımaların təşkili ilə bağlı praktiki məsələlər isə nisbətən az işıqlandırılır.
FIATA-nın yeni təlimatı nəqliyyat dəhlizlərini daşıma imkanlarının əlçatanlığı, tranzit müddətlərinin etibarlılığı, sənədləşdirmə tələbləri, əməliyyat məhdudiyyətləri, mümkün fasilələrə davamlılıq və alternativ marşrutların mövcudluğu kimi amillər əsasında qiymətləndirməyə imkan verir.
Sənəddə həmçinin nəqliyyat dəhlizlərinin üç əsas istiqamət üzrə qiymətləndirilməsi sistemi nəzərdə tutulur: infrastruktur və nəqliyyat şəbəkəsinin imkanları, dəhliz çərçivəsində xidmətlərin keyfiyyəti, eləcə də ticarətin asanlaşdırılması şərtləri və normativ-hüquqi mühit. Nəqliyyat marşrutlarının müxtəlif pozuntulara və fasilələrə davamlılığına xüsusi diqqət yetirilir.
Bu metodologiyanın tətbiqinə dair ilk nümunə kimi Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz nəzərdən keçirilib.
Təlimatın gömrük tranzitinə həsr olunan ayrıca bölməsi də var. Burada beynəlxalq yükdaşımaların iştirakçılarının üzləşdiyi sərhədlərdə gecikmələr, sənədləşdirmə prosedurları və çatdırılma müddətlərinin qeyri-müəyyənliyi kimi problemlər araşdırılır.
FIATA eTIR sistemi ilə bağlı tematik araşdırma çərçivəsində cari ilin əvvəlində Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında həyata keçirilən daşımaları da nəzərdən keçirib.
Ekspeditor şirkətləri üçün eTIR sisteminin üstünlükləri sırasında vahid gömrük sistemi çərçivəsində sərhədlərarası tranzitin həyata keçirilməsi, gömrük məlumatlarının elektron mübadiləsi, kağız sənəd dövriyyəsinin azaldılması və yüklər barədə məlumatların əvvəlcədən təqdim edilməsi imkanları qeyd olunub.
IRU-nun məlumatına görə, təlimatın dərc edilməsi FIATA-nın multimodal nəqliyyat dəhlizlərini ekspeditor şirkətlərinin perspektivindən araşdırmağa yönəlmiş daha genişmiqyaslı təşəbbüsünün ilk mərhələsidir.
