Bakı. Trend:
Siyasi partiyalara dövlət büdcəsindən ayrılan maliyyə yardımının artırılması imkanına yenidən baxılması və bu istiqamətdə görülən işlər barədə məlumat verilməsi təklif olunub.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Tənzilə Rüstəmxanlı parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, əvvəlki müzakirələrdə siyasi partiyalara ayrılan maliyyə yardımının məbləğinin az olması məsələsini qaldırıb və bu barədə Maliyyə Nazirliyinə müraciət edib.
O qeyd edib ki, həmin vaxt Maliyyə Nazirliyinin nümayəndəsi bu sahəyə ayrılan vəsaitin yenidən nəzərdən keçirilə biləcəyini və məsələ üzərində işləməyin mümkün olduğunu bildirib.
“Mən belə anladım ki, bunun artırılması imkanı da var”, - deyə T.Rüstəmxanlı vurğulayıb.
Deputat bildirib ki, ötən müzakirədən 10 gün keçib və siyasi partiyalara ayrılan maliyyə yardımının artırılması ilə bağlı hər hansı irəliləyişin olub-olmadığını dəqiqləşdirmək istəyir.
