Bakı.Trend:
Avstraliyalı aktyor Kris Hemsvort və onun həyat yoldaşı, ispaniyalı aktrisa və model Elza Patakiyə məxsus malikanəyə basqın edilib.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Maskalı dörd nəfər Broken-Hed qəsəbəsində (Avstraliyanın Yeni Cənubi Uels ştatında) yerləşən malikanənin ərazisinə daxil olaraq üç avtomobili – BYD, "Ram" və "Raptor" markalı avtomobilləri qaçırıb. Polis hadisənin səhər saatlarında baş verdiyini bildirib. Məlumata görə, cinayətkarlar hasardan aşaraq avtomobillərin saxlandığı qaraja daxil olublar. Avtomobillərin açarları isə onların içərisində olub.
Elza Pataki gecə saat 02:00 radələrində itlərin hürməsinə oyanıb, lakin bir müddət sonra yenidən yatıb. Səhər saatlarında müşahidə kameralarının görüntülərinə baxarkən maskalı dörd nəfəri görüb. Onlardan ikisinin əlində bıçaq olub. Həyat yoldaşları polisə təxminən saat 07:30-da məlumat veriblər.
Qaçırılan avtomobillərdən ikisi tapılıb. Onlardan biri malikanədən bir saatlıq, digəri isə iki saatlıq məsafədə aşkarlanıb. Üçüncü avtomobilin yeri hələlik müəyyən edilməyib.
Kris Hemsvort və Elza Pataki üç övladı – 14 yaşlı qızları İndiya və 12 yaşlı əkiz oğulları Saşa və Tristanla birlikdə bu malikanədə yaşayırlar.
2014-cü ildə 7 milyon dollara alınan malikanənin hazırkı dəyəri 75 milyon dolları ötür.
