Azərbaycanlı din xadimləri 2 ölkəyə təyinat alıb

Cəmiyyət Xəbər 12 Noyabr 2026 13:15 (UTC +04:00)
Azərbaycanlı din xadimləri 2 ölkəyə təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda mövcud olan təxminən 2500 məsciddən 1000-də din xadimi fəaliyyət göstərmir, təyinat almış din xadimlərinin isə ən azı üçdə birinin dini təhsili yoxdur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycanda təxminən 2500 məscid var, lakin təyin edilmiş din xadimlərinin sayı 1300 nəfər civarındadır.

“Bu isə o deməkdir ki, təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir”, – deyə G.İsmayılov qeyd edib.

Komitə sədrinin müavini bildirib ki, təyinat almış din xadimlərinin təxminən üçdə birinin nə ali, nə də orta ixtisas dini təhsili var.

O, eyni zamanda, xaricdə dini təhsil alaraq Azərbaycana qayıdan şəxslərin sayının ən azı 3500 nəfər olduğunu diqqətə çatdırıb.

G.İsmayılov qeyd edib ki, hazırda ölkədə orta ixtisas dini təhsil verən müəssisə Azərbaycan İlahiyyat İnstitutunun tabeliyində fəaliyyət göstərən Bakı İlahiyyat Kollecidir.

O, Azərbaycan İlahiyyat İnstitutunun ilk məzunlarının artıq ölkədə və xaricdə dini fəaliyyətə başladığını bildirib.

“Bu gün ölkəmizdə təyinat almış təxminən 50 məzunumuz var”, – deyə o vurğulayıb.

Komitə sədrinin müavini məzunların Türkiyədə də dini fəaliyyətə başlamasını müsbət və qürurverici məqam kimi qiymətləndirib.

Onun sözlərinə görə, son bir ay ərzində institutun iki məzunu Türkiyənin ən böyük məscidlərindən birinə – azərbaycanlıların ən çox ziyarət etdiyi İstanbulun Halkalı bölgəsində yerləşən Zeynebiyə məscidinə imam təyin olunub.

G.İsmayılov, həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar arasında mənəvi-dini mühitin nəzərə alınmasının vacibliyini qeyd edib.

O bildirib ki, institutun daha üç məzunu artıq Gürcüstanda dini sahədə fəaliyyətə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti