Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

Cəmiyyət Xəbər 12 Noyabr 2026 13:11 (UTC +04:00)
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyət mərkəzlərinin fəaliyyətinin davamlılığını təmin etmək üçün dayanıqlı maliyyə dəstəyi mexanizmləri yaradılmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Allahverənov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, bir sıra xarici ölkələrdə Azərbaycan dili mərkəzləri fəaliyyət göstərir. O, bu baxımdan Özbəkistanın paytaxtı Daşkənddəki Azərbaycan dili və mədəniyyət mərkəzinin fəaliyyətini nümunə göstərib.

A.Allahverənov qeyd edib ki, 2025-ci ildə Daşkənddə olarkən Daşkənd Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən belə bir mərkəzlə tanış olub.

Onun sözlərinə görə, həmin mərkəz təxminən 10-12 il əvvəl Azərbaycan hökumətinin, xüsusilə də bir neçə dövlət qurumunun fəal dəstəyi ilə yaradılıb. Mərkəzdə yaxşı dinləyici kontingenti və komanda formalaşdırılıb, 30-dan çox dinləyici təhsil alıb, müxtəlif mədəni tədbirlər təşkil olunub.

Deputat vurğulayıb ki, mərkəz Azərbaycan dilinin təbliği baxımından mühüm fəaliyyət göstərib. Lakin sonrakı mərhələdə ona ayrılan maliyyələşmə naməlum səbəblərdən dayandırılıb.

Bundan sonra əsasən işgüzar dairələr mərkəzə ayrı-ayrı vaxtlarda dəstək göstərməyə çalışıblar.

“Bu kimi fəaliyyətlərdə epizodik dəstək o qədər də effektiv olmur. Çünki bu gün maliyyə vəsaiti ola bilər, sabah isə olmaya bilər”, – deyə A.Allahverənov bildirib.

O hesab edir ki, Azərbaycan dilinin xaricdə təbliği və “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının fəlsəfəsindən irəli gələn məqsədlər nəzərə alınaraq bu istiqamətdə dayanıqlı dəstək mexanizmləri barədə düşünülməlidir.

Deputat qeyd edib ki, belə mexanizmlər maliyyələşmədə fasilələrin və epizodik yanaşmanın qarşısını almalıdır.

A.Allahverənovun sözlərinə görə, mədəni suverenliyin qorunması da məhz bu kimi mühüm vasitələrdən istifadə edilməklə həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti