Bakı. Trend:
Əlilliyi dayandırıldıqdan sonra aparılan araşdırma nəticəsində əlilliyi yenidən təsdiqlənən şəxslərə araşdırmanın davam etdiyi müddət üçün müavinət ödənilməsi məsələsinə yenidən baxılmalıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, büdcənin təhlili 2027-ci il dövlət büdcəsinin əvvəlki illərdə olduğu kimi sosialyönümlü olduğunu göstərir.
“Əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin büdcəsində də sosial müavinət və təqaüdlərə, eləcə də digər sahələrə ayrılan vəsaitin artırılması planlaşdırılır”, - deyə o qeyd edib.
C.Məmmədov əlilliyi olan şəxslərin müavinət alması ilə bağlı yaranan problemlərə də diqqət çəkib.
O bildirib ki, bəzi hallarda vətəndaşın əlilliyi dayandırılır və onun yenidən müavinət alıb-almayacağının müəyyənləşdirilməsi üçün araşdırma başlanılır. Bu araşdırma bir neçə ay davam edir və nəticədə həmin şəxsə müavinətin yenidən verilməsi barədə qərar qəbul olunur.
Deputatın sözlərinə görə, problem ondadır ki, müavinət almaq hüququ yenidən təsdiqlənən vətəndaşa araşdırmanın davam etdiyi müddət üçün heç bir ödəniş edilmir.
“Halbuki həmin vəsait bu insanlar üçün həyati əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məsələyə yenidən baxılması yaxşı olardı”, - deyə C.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndindəki musiqi məktəbinin fəaliyyətinin tam təmin olunması, işğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin bərpasının isə sürətləndirilməsi vacibdir.
O bildirib ki, bu məsələni bir neçə dəfə qaldırıb və aidiyyəti üzrə yenidən nəzərdən keçirilməsini xahiş edib.
Deputat, həmçinin işğaldan azad edilmiş ərazilərdə dini və tarixi abidələrin bərpası məsələsinə toxunub. Onun sözlərinə görə, Azərbaycanın bir sıra bölgələrində Alban abidələri və digər tarixi abidələr, eləcə də hamamlar mövcuddur. Həmin abidələrin təmiri istiqamətində işlər görülsə də, bu prosesin daha da sürətləndirilməsinə ehtiyac var.
